Meriya üçün 5 ailə yaşayan küçənin asfaltlanması prioritet deyil (VİDEO)
16:36 / 27.03.2024
Kürtlər kəndində 30 ildən artıqdır ki, əhali yolların pis
vəziyyətdə olmasından şikayət edir.
Kənd əhalisinin sözlərinə görə, Kürtlər İnzibati Ərazi Vahidliyinin
icra nümayəndəsinə dəfələrlə müraciət ediblər, ancaq heç bir nəticə
verməyib.
Kənd sakini, müəllim Xumaya Qurbanova “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, bu yolu 1982-1983 illərdə vətəndaşlar
saldırıb, ancaq o ildən bugünədək yolda heç bir təmir işləri
aparılmayıb.
“Mən müəlliməm, indi təqaüdə çıxmışam. İndi də
dəfələrlə Kənd İnzibati Ərazi Vahidliyinin icra nümayəndəsinə
müraciət etmişik, nəticəsiz qalıb. Yolumuz bərbad haldadır,
maşınlar sürüşüb yolun sağ tərəfində olan arxa düşürlər.
Uşaqlarımız, nəvələrimiz məktəbə gedirlər. Yağışlı günlərdə yalnız
uşaqlara rezin çəkmə geyindirməli oluruq. Məktəb paltarı ilə
gedib-gələ bilmirlər. Xahiş edirik, bizim şikayətimizə baxsınlar,
bu yolu düzəltsinlər”, - Xumaya Qurbanova dedi.
Yolların keçilməz vəziyyətdə olmasından narahat olan digər kənd
sakini Nargilə Binnətova qeyd etdi ki, xəstə olan zaman təcili
tibbi yardım briqadası kəndə gələ bilmir.
“Bizi narahat edən yollarımızın keçilməz vəziyyətdə
olmasıdır. Yağış yağdıqda uşaqlar gedə bilmirlər, təcili yardım
çağırırıq, gəlmir, gəlsə də, yol palçıqdır deyə keçə bilmirlər və
geri qayıdırlar. Uşaqlar nə məktəbə gedə, nə də məktəbdən qayıda
bilirlər. Mənim nəvəmi anası belində aparıb, gətirir. Aidiyyəti
qurumlara neçə dəfə müraciət etmişik. Gəlib baxacaqlarına söz
veriblər, amma baxmayıblar”, - Nargilə Binnətova qeyd
etdi.
Daha bir kənd sakini Ramin Şərəfov da qeyd olunan problem
səbəbindən narahat olduğunu dilə gətirir və aidiyyəti qurumların
məsələ ilə bağlı tədbir görmələrini tələb edir.
“Dövlətimizdən xahiş edirik, yolumuzu düzəltsinlər. Neçə dəfə öz
xərclərimiz hesabına düzəltmişik. İndi də imkan yoxdur. Qonşulara
deyirik, amma imkanlarının olmadığını bildirirlər. Asfalt qatı
çəkilməsini istəyirik, onu da başqa məhəllələrə salırlar.
İstəyirik, bizim yolları da düzəltsinlər. Kənd sovetinə neçə dəfə
bildirmişik, amma alınmadığını qeyd edir. Deyir, orada 5 ev var və
oraya çəkə bilmirik. Başqa məhəllələrdə 3, 4 ev var, oraya
çəkirlər, nəyə görə bilmirəm”, - Ramin Şərəfov
bildirdi.
Kənd sakini İsmayıl Qocayev “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, yola çınqıl töküdürəndə yağış yenə yuyub aparır.
“Palçıq olanda günümüz budur. Nə məktəbə uşaq gedə
bilir, nə qapımıza maşın çıxa bilir. Bu vəziyyətdə qalmışıq.
Gündəlik yağış yağanda da sel gəlib çınqılı yuyub
aparır”, - İsmayıl Qocayev dedi.
“Marneuli” radiosu qeyd olunan mövzu ilə bağlı Kürtlər İnzibati
Ərazi Vahidliyinin icra nümayəndəsi Bəxtiyar Hüryənov ilə əlaqə
saxladı. Onun sözlərinə görə, 2022-ci ildə layihə yazılıb, 1
kilometr 300 metr asfalt çəkilməsi planlaşdırılıb və hansı küçələr
üçün olacağı məlumdur.
“Kənd əhalisi mənim yanıma gəlmişdi. Söhbət etdik, onlara başa
saldım. Hər il bizə asfalt çəkilməsi layihəsi verilmir. 2022-ci
ildə layihə yazılıb və 1 kilometr 300 metr asfalt planlaşdırılıb və
hansı küçələrə aid olduğu məlumdur. Mən onlara məlumat verdim ki,
lazım gəlsə, müvəqqəti olaraq çınqıl da tökdürmək olar. Kürtlər
kəndində çox yerlər asfaltdır. Böyük kənddir, hamısını birdən etmək
olmur. Hələ nəzərə alınmayıb. Bizə məlumat verilir ki, hansı
küçələrdə çox insan yaşayır, ilk növbədə ora asfalt qatı çəkilsin.
Bu küçədə cəmi 4 ailə yaşayır və 500 metrlik asfalt çəkilməlidir.
Mənə də 1300 metrlik asfalt çəkilməsi tapşırılıb. Mən də buradan
300 metri 50 nəfərin yaşadığı küçə üçün ayırmışam. O küçə məktəblə
əlaqəlidir və ixtisar etmək olmaz, amma hələ 2024-cü il büdcəsində
nəzərə alınmayıb”, - Bəxtiyar Hüryənov izah etdi.
Qeyd edək ki, Kürtlər kəndində adıçəkilən küçədən başqa digər
küçələr də var ki, əhali yağış yağdıqda yoldan keçə bilmir. Onların
sözlərinə əsasən, bu onlara gündəlik həyatda, məişətdə böyük
problem yaradır.