Araşdırmaçı jurnalistlər Birliyi “İFact”-ın yayımladığı materiala
görə, Saqareco merinin Düzəyrəm kəndindəki icra nümayəndəsi
əkin-biçin torpaqlarını qanunsuz mənimsəyib.
Məqalənin müəllifləri yazırlar ki,
“yerli sakinlərin
sözlərinə görə, İsmayılovun nəzarəti altında olan ərazi Sovet
İttifaqı zamanı kəndin ümumi istifadəsində idi. O, merin
nümayəndəsi seçildikdən sonra həmin torpaqları mənimsəməyə
başlayıb. 2020-ci ildə isə qeydiyyatdan keçirib. İndi İsmayılov 55
torpaq sahəsini icarəyə verir və həmin torpaqlar rəsmi olaraq onun
və ya ailə üzvlərinin istifadəsində deyil. Həmin torpaqların sahəsi
isə ümumilikdə 90 hektardır. Merin nümayəndəsinin burada ferması,
qarğıdalı və yonca tarlaları var”.
Kənd sakinləri İsmayılovun hərəkətinə etiraz məqsədi ilə dəfələrlə
aksiya keçiriblər və aksiya mətduatda da işıqlandırılıb. Ancaq bu
heç bir nəticə verməyib.
Rabayət Məmmədova zərərçəkmişlərdən biridir. O, bildirir ki, torpaq
onun ailəsinin istifadəsində olub, ancaq İsmayılov əllərindən alıb.
Məmmədova kənd icra nümayəndəsini Prokurorluğa şikayət edib, ancaq
onun şikayətini təmin etməyiblər.
“2 hektar sahə atamın istifadəsində idi. İsmayılov
torpağı qeydiyyatdan keçirmək üçün lazım olan sənədi vermədi ki,
mən özüm qeydiyyatdan keçirim və satım. 2020-ci ildə mənimsəyib və
başqalarının adına qeydiyyatdan keçirib. Ona deyəndə ki, səni
şikayət edəcəyəm, – get haraya istəyirsən, şikayət et, mənə heç nə
edə bilməzsən – dedi. Prokurorluğa şikayət etdim, Parlamentə
yazdım, amma 2 ildir şikayətimə baxan yoxdur. Gürcüstanda qanun
yoxdur”, – Rabayət Məmmədova deyib.
İsmayılovun öz adına yalnız iki torpaq sahəsi var ki, bunun da
ümumi sahəsi 0,7 hektardır. Qalanları isə ailə üzvləri və
həmkəndlilərinin adına qeydiyyatdan keçirilib. “İFact” 31 nəfər
belə adam müəyyən edib. İctimai Reyestrin sənədlərini araşdırmaqla
İsmayılovun istifadə etdiyi sxem müəyyən edilib.
Tutaq ki, İsmayılov x torpaq sahəsini bəyəndi və həmin sahə
reyestrdə heç kimin adına qeydiyyatdan keçməyib. Bundan sonra o,
etibarlı adam seçir və sahəni həmin adamın adına qeydiyyatdan
keçirir. Onun seçdiyi adam Reyestrə gedir və həmin torpaq sahəsinin
qeydiyyatdan keçirilməsini tələb edir. Reyestr arxivdə və müxtəlif
dövlət strukturlarında həmin şəxsin əmlak hüququnu təsdiq edən
sənədin axtarışına başlayır.
Reyetsr həmin sənədləri tapa bilməyəndə kimə müraciət edir?
Saqareco meriyasına. Meriya hər hansı torpaq sahəsinin əkin və ya
ailə təsərrüfatına veriləcək torpaq olub-olmadığını müəyyən etmək
öhdəliyi daşıyır. İsmayılov məhz burada mer kənd icra nümayəndəsi
olaraq məsələyə qoşulur. O, sahədən iki şahid aparır və onlar
torpaq sahəsinin onu qeydiyyatdan keçirmək istəyən şəxsə məxsus
olduğunu təsdiq edirlər. İsmayılov şahid olaraq etibarlı şəxsləri
aparır, məsələn həyat yoldaşını və ya dostunu...
Yekun söz isə İsmayılova məxsusdur. O, meriyaya təsdiq etməlidir
ki, torpaq sahəsi həqiqətən təsərrüfat üçün verilmiş sahədir.
İsmayılov belə də edir və reyestrdə həmin sahəni həmin şəxsin adına
qeydiyyatdan keçirir.
İsmayılovun əlində olan bütün torpaqlar bu yoldan keçir. O, 37
sahəni bu qayda ilə qeydiyyatdan keçirib. Bundan əlavə İsmayılov və
onun övladı dövlətdən 24 hektar torpağı icarəyə götürüblər. Bunun
üçün illik 9 170 lari ödəyirlər.
Araşdırmaçı jurnalistlərin məlumatına görə, bu sxemə 31 nəfər
qoşulub. “İFact” onlarla danışmağa cəhd etdi. Nəticədə müəyyən
olundu ki, torpaq “sahibləri” əksər hallarda heç torpağın harada
yerləşdiyini və hansı işlər üçün istifadə olunduğunu da
bilmirlər.