“Parlaq gələcək” kitab evinin əsas məqsədi Qaraçöp
bölgəsində yaşayan yüzlərlə şagirdin qeyri-formal təhsil almasına
və bir sıra aktivliklərdə iştirak etməsinə şərait
yaratmaqdır.
Bu sözləri “Marneuli” radiosu ilə söhbəti zamanı Yormuğanlı ictimai
məktəbinin biologiya müəllimi və “Parlaq gələcək” kitab evinin
təsisçilərindən biri olan Rafael Süleymanov dedi. Onun sözlərinə
görə, onlar şagirdlərin təhsil alması və inkişaf etməsi üçün
məktəbdə əllərindən gələni edirlər. Ancaq bu məktəb müəllimlərini
qane etmir.
“Biz şagirdlər üçün daha çox şey etmək
istəyirdik. Bəzi müəllim yoldaşlarımız və valideynlər uşaqların
kitab oxumadıqlarını dilə gətirirdilər. Biz gənc müəllimlər hər
zaman bir araya toplaşanda kənddəki gənclər üçün nə edəcəyimizi
müzakirə edirdik. Belə qərara gəldik ki, ilk addımı ataq. Gənclər
üçün nə isə edək. Biz hesab etdik ki, təcili və ən önəmli iş kənddə
kitabxana açmaqdır. Ən azından bir yerimiz olsun və orada çoxlu
kitablarımız olsun. Görək şagirdlərimiz özləri oxumur, yoxsa kitab
yoxdur deyəmi oxumurlar. Bu ideyanı digər müəllim yoldaşlarımıza da
dedik və onlar da bəyəndilər. Düzdür, məktəbin öz kitabxanası var.
Orda isə yalnız məktəb dərslikləridir. Əlavə kitablar yoxdur. Biz
bu ideya ilə bağlı dostlarımızla görüşdük. Məsələn, Kamran
Əfəndiyevin, Samirə Bayramovanın və s. ideyalarını və
məsləhətlərini aldıq. Onların məsləhətini aldıqdan sonra yer
icarəyə götürdük və hər kəsə səs saldıq, məlumat kitabçaları
payladıq. Camaatla görüş keçirdik və dedik ki, biz müəllimlər
şagirdlərimiz üçün belə bir şey təşkil etmək istəyirik. Bu ideyanı
hər kəs çox bəyəndi və alqışladılar. Hər kəs bildirdi ki, onlara
hər cür dəstək olacaqlar. Sağ olsunlar. Hər kəs maddi və mənəvi
cəhətdən bizə dəstək oldular”.
Süleymanovun sözlərinə görə, ideyanı kənd əhalisinə dedikdən sonra
onlar vəsait toplayaraq, kitabxana üçün lazım olan əşyalar
alıblar.
“Sakinlər tərəfindən toplanan pulla biz
kitabxana üçün rəflər, dolablar, stol və stullar düzəltdirdik.
Demək olar ki, kitabxana üçün nə lazımdısa, toplanan vəsaitlə hər
şey etdik. Hal-hazırda kitab almaq üçün pulumuz da qalıbdır. Yenə
də kitablar alacağıq. Onu da əlavə edim ki, bu ideyanı hələ həyata
keçirməzdən öncə biz müəllimlər arasında pul toplayaraq 300-ə yaxın
kitab da almışdıq. Biz şagirdlərimizə məlumat verdik ki, bu qədər
kitabımız var və istəyən gəlib götürüb, oxuya bilər. Həmin vaxt bir
ayın içində 4-5 kitabı oxuyub bitirən şagirdlərimiz olmuşdu. Elə
şagirdlərimiz oldu ki, heç onlara kitab çatmadı. Gördük ki, əslində
şagirdlərimiz kitablar olmadığına görə oxumurlarmış. Onların
kitablara çox ehtiyacı var imiş. Bu bizə böyük stimul verdi. Çünki
şagirdlərimiz oxumaq istəyirlər və bizlər onlara bu imkanı
yaratmalıyıq. Artıq biz onlara bu imkanı
yaratdıq”.
Rafaelin sözlərinə görə, kitabxananın yeni açılmasına baxmayaraq,
kitab oxumağa gələnlərin sayı çoxdur.
“Bizim kitabxanada təxminən 30 nəfərə qədər yer nəzərdə
tutulub. Ancaq məktəbimizdə 1 500-ə yaxın şagirdimiz var. Sadəcə bu
bir məktəbin şagirdləridir. Buna görə də, biz kitabları şagirdlərin
özlərinə veririk ki, özləri ilə aparıb evlərində oxusunlar və daha
sonra geri gətirsinlər. Şagirdlərimiz hansı kitabları oxumaq
istəyirlərsə, onun siyahısını da tuturuq. Əgər kitabxanada həmin
kitablar varsa, veririk, yoxdursa, onu təşkil etməyə çalışırıq.
Çalışırıq ki, həmin kitabları tapaq və şagirdlərimiz oxusunlar.
Onlarda çox böyük həvəs var”.
Yormuğanlı məktəbinin müəllimləri ideyalarını həyata keçirməzdən
öncə öz aralarında pul toplayaraq 300-ə yaxın bədii kitablar
alıbılar. Süleymanovun dediyinə görə, kənd sakinləri öz evlərindən
kitablar gətirərək, kitabxanaya hədiyə də ediblər.
“Fəal insanlar da bizlərə kitab hədiyə
ediblər. Hələ ki çox kitabımız yoxdur. Haradasa 1 000-dən artıq
kitabımız olar. Hal-hazırda bu 1 000 kitab böyük bir iş görür.
Bundan əlavə əslən Qaraçöpdən olub, amma Azərbaycanda yaşayan
insanlar bizim təşəbbüsümüzü eşidəndə Bakıdan çox sayda kitab
toplayıb göndəriblər. 3 000-ə yaxın Azərbaycan ədəbiyyatına aid və
azərbaycan dilində nəşr edilmiş kitablar göndəriblər. Amma o
kitabların Gürcüstana gətirilməsi üçün rəsmi icazə ala bilməmişik.
Hal-hazırda kitablar Azərbaycanın sərhəd kəndlərinin birindədir.
Kitabların siyahısını tərtib edib Azərbaycanın Gürcüstandakı
səfirliyinə təqdim etmişik. O kitabların gömrükdən keçməsi üçün
rəsmi cavab gözləyirik. Onlar gəlsə, təxmini 3-4 min kitabımız
olacaq. İnsanlar tərəfindən toplanan pulla özümüz də kitablar
alacağıq”.
Gələcək planlarından danışan gənc müəllim bildirdi ki, “Parlaq
gələcək” kitab evi təkcə kitabxana kimi fəaliyyətlər göstərməyəcək.
Yeni hazırlıq kurslarının yaradılması üçün də əllərindən gələni
edəcəklər.
“Kitabxanamızda başqa-başqa fəaliyyətlər də olacaq.
Örnək kimi qeyd edim ki, məktəbdə oxuyan, amma ailəsinin imkanı
olmayıb, əlavə kurslara gedə bilməyən şagirdlər üçün kurslar təşkil
edəcəyik. Məsələn, gürcü, ingilis, kompüter kursları olacaq. Şahmat
məktəbi təşkil edəcəyik. Bizim müəllim yoldaşlarımız var, çox yaxşı
şahmat oynayırlar. Rəsm çəkmək bacarığı olan şagirdlərimiz var. Heç
bir müəllim olmadan öz bacarıqları ilə şəkil çəkən çoxlu
şagirdlərimiz var. Bu cür şagirdlərin bacarıqlarını inkişaf
etdirmək üçün kurslar təşkil edəcəyik. Qeyd edim ki, Axundov
muzeyində rəsm kursları var. Mən şagirdlərmi Qaraçöpdən Tbilisiyə,
Axundov muzeyinə göndərirdim. Valideynləri onları aparıb
gətirirlər. Onlar üçün bu cür kursları təşkil etməyə çalışacağıq.
Qeyri-formal təhsilin inkişafı üçün çalışacağıq ki, şagirdlərimiz
layihələr yazsınlar və həyata keçirsinlər. Belə deyim,
şagirdlərimiz hər tərəfli bir vətəndaş kimi yetişsinlər və inkişaf
etsinlər. Onu da qeyd edim ki, gürcü dilinin daha yaxşı öyrədilməsi
üçün də çalışacağıq. Bizim kənddə gürcülər yoxdur. Ancaq qonşu
kəndlərdə gürcülər yaşayırlar. Orada yaşayan şagirdlərlə özümüzün
şagirdlərimiz arasında bir dialoq qurmağa və körpü yaratmağa
çalışacağıq. Bu şəkildə bizim şagirdlər gürcü dilinin önəmini daha
çox hiss edərlər və gürcü dilini yaxşı
öyrənələr”.
Qeyd edək ki,
20 noyabr tarixində Saqareco Bələdiyyəsinin Qaraçöp
(Yormuğanlı) kəndində yerli müəllimlərin təşəbbüsü və əhalinin
maddi dəstəyi ilə “Parlaq gələcək” kitab evinin açılışı olub.
Kitab evinin açılışında kənd sakinləri, dəvət olunmuş qonaqlar və
ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Marneulili mülki fəal Samirə Bayramova da iştirak edib. O,
kitabxanaya “Etnik və dini rəngarənglik” adlı kitab hədiyyə
edib.