Etnik azərbaycanlı gənclər gürcü dilini öyrənərkən eləcə də gürcü
dilində özlərini ifadə edərkən bir sıra problemlərlə qarşılaşırlar.
Bunların başlıca səbəblərindən biri məktəblərdə gürcü dilinin
tədris keyfiyyətinin aşağı olması və gürcüdilli mühitdən uzaq
olmalarıdır.
Sadaxlı 2 saylı orta məktəbinin şagirdi Aydan Şərifova deyir ki,
gürcü dilinin öyrənilməsində başlıca amil mütəmadi olaraq
gürcüdilli biri ilə ünsiyyətdə olmaqdır.
“Mənim fikrimcə tədris metodu səhvdir, eyni zamanda
müəllimlər də ciddi yanaşmırlar. Nəticədə şagirdlərdə laqeydlik
müşayiət olunur. Müəllimlər və şagirdlər arasında dərs prosesində
gürcü dilində danışılmalıdır. Gürcü dilini öyrənməyin əsas yolu isə
hər gün gürcüdilli insanlarla ünsiyyətdə olmaq və bu dildə film,
cizgi filmi izləməkdir. Buna görə də 12 il bu fənni məktəbdə
öyrənməyimizə baxmayaraq, 1 il hazırlıq dönəmində bu dili mənimsəyə
bilirik”, – Aydan Şərifova deyir.
İlia Dövlət Universitetinin birinci kurs tələbəsi Günel Cəlilova
bildirir ki, gürcü dilini həyatımızın bir parçasına
çevirməliyik.
“Etnik azərbaycanlılar gürcü dilini öyrənməkdə ona görə çətinlik
çəkirlər ki, ətrafındakılar azərbaycandillidirlər və buna görə də,
günün yarısından çoxunu azərbaycan dilində danışırlar.
Öyrəndiklərini isə çox işlətmədiklərinə görə unudurlar. Həmçinin
etnik azərbaycanlıların çox qismi azərbaycandilli sektorlarda
təhsil aldıqlarına görə, çətinlik çəkirlər. Universitetdə olan 1 il
hazırlıq kursunda sadəcə gürcü dili kitablarında yazılanları deyil,
eləcə də onun qrammatikasını da öyrənirik. Öyrəndiklərimizi isə
praktika ilə inkişaf etdiririk. Dərs vaxtı sırf gürcü dilində
danışırıq, azərbaycan dilində sözlər istifadə etmirik. Mənim
fikrimcə, bu dildə danışan insanlarla ünsiyyət qurmalı və daha çox
məşğul olmalıyıq. Bir sözlə bu dili həyatımızın bir parçasına
çevirməliyik”, – Günel Cəlilova deyir.
Qeyd edək ki, birillik hazırlıq proqramı etnik azlıq
nümayəndələrinin gürcü cəmiyyətinə inteqrasiyası üçün nəzərdə
tutulmuş layihədir və 12 ilə yaxındır ki, həyata keçirilir.
Müəllif: Gülçin İsmayılova