Vaşinqton Moskvanın Ukraynada müharibəni bitirmək üçün danışıqlarda
maraqlı olmasının heç bir əlamətini görmür. Bunu Dövlət katibi
Entoni Blinken dekabrın 4-də ABŞ televiziyasına müsahibəsində
deyib.
“Sözügedən tərəflər, bu halda Rusiya mənalı
diplomatiyada həqiqətən maraqlı olarsa, diplomatiyanın həmişə
dəyəri var. Biz isə, azından son vaxtlar, bunun tam əksini
görürük”, – Blinken CBS News-a deyib. O, döyüş
zonasında uğursuzluqla üzləşən Rusiya Prezidenti Vladimir Putinin
taktikanı dəyişdiyini sözlərinə əlavə edib.
“O, cəbhədə uda bilmədi, ona görə də qəzəbini və atəşi ” dinc
ukraynalılara yönəldir, enerji infrastrukturunu hədəfə alır,
işıqları, istiliyi, elektriki söndürür. İndi baş verən budur. Putin
mənalı diplomatiyada həqiqətən maraqlı olduğunu göstərməyincə,
bunun bir nəticəsi olmayacaq”, – Blinken “Face The
Nation” proqramında söyləyib.
Son bir neçə həftədə Rusiya qüvvələri Ukrayna boyunca
infrastruktura zərbələr endirir. Moskva eyni zamanda Donetsk
vilayətində Baxmut şəhərinə hücumu davam etdirir, Xerson şəhərində
obyektləri vurur. Ukrayna qüvvələri bu şəhəri 8 aylıq işğaldan ötən
ay azad ediblər.
Prezident Co Bayden (Joe Biden) dekabrın 1-də deyirdi ki, Rusiya
lideri işğala son qoymaq istəsə, Putinlə danışmağa hazırdır.
Rusiyanın müstəqil media orqanı isə ölkədə hərbi kampaniyaya
ictimai dəstəyin “əhəmiyyətli azalması”nın yeni əlamətlərini
aşkarlayıb. Bu haqda dekabrın 4-də Britaniyanın Müdafiə Nazirliyi
yazıb.
“Meduza” portalı Federal Mühafizə Xidmətinin keçirdiyi konfidensial
rəy sorğusunu əldə etdiyini bildirib. Bu xidmət Kremlin mühafizəsi,
aparıcı hökumət rəsmilərinin təhlükəsizliyi ilə məşğuldur.
Kremlin sifarişiylə keçirilmiş sorğuda respondentlərin 55 faizi
Ukrayna ilə sülh danışıqlarını dəstəkləyib. 25 faiz müharibənin
davam etməsini istədiyini deyib.