17 may tarixində Marneuli meriyasında qrant müsabiqəsi ilə bağlı
görüş keçirilib. Müsabiqə yerli kiçik və orta biznesə dəstək
məqsədilə elan olunub.
Qrant müsabiqəsini "HEKS-EPER GEORGIA" beynəlxalq təşkilatı, Avropa
İttifaqının (EU) maliyyə dəstəyi ilə “Sosial, iqtisadi və siyasi
həyatda bərabər, tam iştirak üçün vətəndaş cəmiyyətinin
gücləndirilməsi” layihəsi çərçivəsində elan edib.
Layihənin meneceri Qiorqi Tvaliaşvili “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, qaliblərə DCFTA ilə əlaqədar (Avropa
İttifaqı ilə dərin və hərtərəfli azad ticarət məkanı) yerli və
ixrac bazarı imkanları haqqında məlumat almaq və ekspertlərin
məsləhətindən yararlanmaq imkanı veriləcək. İstədikləri halda
Avropa bazarı üçün ixrac istiqamətində imkanlarla əlaqədar məsləhət
ala bilərlər.
“Müsabiqə Kvemo Kartli və Smatsxe-Cavaxetinin 6 bələdiyyəsində
həyata keçirilir. Müvafiq olaraq, həmin bələdiyyələrin kiçik və
orta biznes nümayəndələri müxtəlif istiqamətlərdə maliyyə dəstəyi
ala bilərlər. Bu əsasən qadın və gənc sahibkarlara dəstək ilə
bağlıdır. İkinci istiqamət uyğunlaşdırılmış bizneslərin
yaradılmasıdır. Həmin bizneslər çərçivəsində gürcü və etnik azlıq
nümayəndələri birlikdə hərəkət edirlər, yaxud biznesdə fəaliyyət
göstərirlər. Üçüncü istiqamət isə gürcü məhsulunun Avropa bazarına
çıxarılması ya Avropa bazarına uyğun olan səviyyəyə
gətirilməsidir”- Qiorqi Tvaliaşvili qeyd edib.
Görüş iştirakçısı, yerli sakin Xatuna Bolkvadze deyir ki, illərdir
tərəvəzçiliklə məşğuldur və öz fəaliyyətini daha da
genişləndirməyi, Avropa standartlarına uyğunlaşdırmağı
planlaşdırır.
“Mənim sahəm kənd təsərrüfatıdır
və bu işi çox sevirəm. Bu görüş mənim üçün stimul vericidir. İndiyə
kimi çox qrant qazanmışam və indi öz işimi inkişaf etdirmək üçün
daha çox istəyim var. Düşünürəm ki, bu layihədə də iştirak
edəcəyəm. Öz məhsulumu Avropa bazarına çıxara bilmirəm, qablaşdırma
üçün texnikam yoxdur, ola bilsin, bu istiqamətdə layihə
yazdım”, – Xatuna Bolkvadze bildirir.
Müsabiqə çərçivəsində hədəf bələdiyyələrdə olan kiçik və orta
biznesə dəstək məqsədi ilə 50 qrant veriləcək. Qrantların miqdarı
2000 avrodan 60 000 avroya qədər nəzərdə tutulub.
Qrantlar hədəf bələdiyyələrdə sadalananlardan biri ilə
maraqlanan kiçik və orta biznes üçün nəzərdə tutulub:
• Qadınların biznesə qoşulması və onların gücləndirilməsi (qadın
sahibkarların imkanlarının inkişaf etdirilməsi, eləcə də gənc
sahibkarlara dəstək);
• Uyğun biznes mühitinin yaradılması/təkmilləşdirilməsi (Biznes
fəaliyyətinə qoşulmuş şəxslərin etnik rəngarəngliyi, etnik qruplar
arasında yaxşılaşdırılmış iqtisadi əlaqələr nəzərdə tutulur);
• Biznes tərəfindən istehsal edilmiş məhsulun/xidmətin Avropa
İttifaqı bazarının tələblərinə uyğunlaşdırılması/Avropa İttifaqı
bazarına çıxış
• Biznes ideyası ilə bağlı müraciətdə biznes fəaliyyətin sadalanan
meyarlardan ən az birinə necə dəstək olacağı izah
olunmalıdır.
Müsabiqə çərçivəsində Kvemo Kartli və Samtsxe-Cavaxetidən 6
bələdiyyədə (Marneuli, Bolnisi, Dmanisi, Axaltsixe, Axalkalaki,
Ninotsminda) 50 biznes fəaliyyət dəstəklənəcək.
Maliyyələşdirmə belə bölünəcək:
• 15 qrant - 2 000 avroya qədər
• 16 qrant - 2 000 avrodan - 5 000 avroya qədər
• 16 qrant - 5 000 avrodan - 10 000 avroya qədər
• 3 qrant - 10 000 avrodan - 60 000 avroya qədər (Qeyd olunan
maliyyəni qazandığı halda, müraciət edən mütləq biznes tərəfindən
istehsal edilmiş məhsulu/xidməti Avropa İttifaqı bazarının
tələblərinə uyğun vəziyyətə gətirməlidir).
Ətraflı məlumat və biznes ideyası üçün müraciət formasını linkdən
əldə edə bilərsiniz.