Ermənistan hazırda Rusiyadan uzaqlaşır və NATO ilə daha sıx bağlar
qurmağa çalışır.
Bunu dekabrın 25-də Gürcüstan dövlət televiziyasına müsahibəsində
NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier
Kolomina deyib:
“Ermənistan çox açıq şəkildə xarici siyasətində bəzi
dəyişikliklər etmək, Rusiya ilə müəyyən məsafə saxlamaq qərarına
gəlib. Biz bunu alqışlayırıq. Ermənistan vətəndaşları qərarlar
qəbul etməkdə azaddırlar və onlar elə bunu qərara alıblar. Mənim
nəzərimdə Ermənistan artıq bizə yaxınlaşmağa
başlayıb”.
NATO baş katibinin nümayəndəsi əlavə edib ki, indi Ermənistan NATO
ilə “daha çox əməkdaşlıq və dialoq istəyir”.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın
hakim Vətəndaş müqaviləsi partiyasından deputat Arsen Torosyan
Kolominanın dediklərini şərh edərkən bildirib:
“Biz öz səmərəsizliyini nümayiş etdirmiş təhlükəsizlik
arxitekturasının bir hissəsi olmuşuq və olmaqda qalırıq. İstənilən
rasional suveren dövlət bundan nəticə çıxarmalı və öz
təhlükəsizliyini təmin etmək üçün yeni alətlərdən istifadə
etməlidir”.
Azatutyun yazır ki, Torosyan dediklərinin baş nazir Nikol
Paşinyanın nəticədə Ermənistanı Rusiyanın rəhbərlik etdiyi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxaracağı
anlamına gəlib-gəlmədiyini izah etməyib.
Paşinyan sentyabrın əvvəllərində elan etmişdi ki, Ermənistan
hökuməti “təhlükəsizlik siyasətini şaxələndirməyə çalışır”, çünki
Ermənistanın uzun müddətdir Rusiyaya güvənməsinin “strateji səhv”
olduğu üzə çıxıb.
O demişdi ki, Moskva Ermənistanı müdafiə etmək qabiliyyətinə malik
deyil, ya da bunu etmək istəmir.
Rusiya Paşinyanın bu bəyanatını və başqa “qeyri-dost addımlarını”
pisləmiş, Paşinyanı Qərbin mənafeyinə uyğun olaraq
Rusiya-Ermənistan münasibətlərini “dağıtmaqda” ittiham etmişdi.
İki müttəfiq arasında gərginliyin getdikcə artmasına baxmayaraq,
Paşinyan və başqa Ermənistan rəsmiləri Ermənistanın xarici siyasət
vektorunu dəyişmək niyyətində olmadığını bildirmişdilər.
Lakin Paşinyan KTMT sammitini boykot etdikdən sonra Rusiya belə
bəyanatların səmimi olmadığını bildirmişdi.
Buna baxmayaraq Rusiya prezidenti Vladimir Putin bu ayın
əvvəllərində demişdi ki, o Ermənistanın KTMT və Avrasiya İqtisadi
İttifaqından çıxa biləcəyini düşünmür.
Putin demişdi ki, hazırda Ermənistanda Qarabağla bağlı “mürəkkəb
proseslər" gedir.
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və
Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ
bölgəsi, ətraf 7 rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona,
Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.
Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın
dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri
yerləşdirilib.
Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror
tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz"
kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə
razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana
əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan
edib.
Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Avropa
İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə
aparılır.