Artıq dördüncü ildir ki, Marneuli bələdiyyəsinin Qızılhacılı
kəndində uşaq bağçası bağlıdır.
2020-ci ildə pandemiya zamanı məktəbəqədər təhsil müəssisəsində
tədris prosesi dayandırılıb. Ondan sonra bağçada daimi bərpa
prosesi gedir. Uğursuz tenderlər, gecikmiş işlər – bağça
müəllimləri və uşaqlar bu vəziyyətdə gözləməli olurlar. Bağçanın
açılışı ilə bağlı məlumat sonuncu dəfə ötən ilin may ayında
verilib.
Həmin vaxt Uşaq Bağçaları
Birliyinin rəhbəri Zaur Kərəmov bizimlə
söhbətində bildirmişdi ki, məktəbəqədər təhsil müəssisəsi açılışı
üçün son mərhələdən keçir, lakin hazırda həyətdə aparılan abadlıq
işlərinə görə Qızılhacılı bağçasının açılışı dayandırılıb. Yerli
özünüidarə uşaq bağçasının qalan işləri və uşaq bağçasının
həyətinin abadlaşdırılması üzrə tenderdə qalib gələn şirkəti
dördüncü cəhddə müəyyən edib.
İşlər “Elrap” MMC tərəfindən 458 023 lariyə həyata keçirilir.
“Marneuli” radiosu şirkətin direktoru Pavle Mağlakelidzeyə zəng
vurdu. O, bizimlə söhbəti zamanı bildirir ki, Qızılhacılıda bərpa
işləri mart ayında başa çatacaq.
“Demək olar ki, başa çatıb. Kiçik şeylər qalıb. Çox
tezliklə başa çatmalıdır, bu ay mütləq. Bu mərhələdə səki daşları
düzülməlidir”, – şirkətin direktoru bildirdi.
Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bağçanın
sentyabr ayına kimi istifadəyə veriləcəyini bildirir və qeydiyyat
elan olunandan sonra uşaqları qəbul edə biləcəklərini deyir.
“Artıq inventar alınıb. İşlər bitdikdən sonra uşaqları
qəbul edə biləcəyik. Düşünürəm ki, biz bağçanı yeni dərs ilində
açacağıq. Bu dərs ilində biz onu aça bilmirik, çünki uşaqlar
qeydiyyatda deyil”, – Kərəmov bildirdi.
Kərəmovun sözlərinə görə, Qızılhacılı bağçasına gedən uşaqları
Marneuli şəhər 3 saylı bağçası qəbul edib. Bu illərdə pedaqoqlar
fasilələrlə, şəhərdəki təhsil ocaqlarına kadr lazım olanda
işləyirdilər.