Kiçik və orta biznesə dəstək üçün qrant müsabiqəsi elan olunub

17 may tarixində Marneuli meriyasında qrant müsabiqəsi ilə bağlı görüş keçirilib. Müsabiqə yerli kiçik və orta biznesə dəstək məqsədilə elan olunub.


Qrant müsabiqəsini "HEKS-EPER GEORGIA" beynəlxalq təşkilatı, Avropa İttifaqının (EU) maliyyə dəstəyi ilə “Sosial, iqtisadi və siyasi həyatda bərabər, tam iştirak üçün vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində elan edib.

Layihənin meneceri Qiorqi Tvaliaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, qaliblərə DCFTA ilə əlaqədar (Avropa İttifaqı ilə dərin və hərtərəfli azad ticarət məkanı) yerli və ixrac bazarı imkanları haqqında məlumat almaq və ekspertlərin məsləhətindən yararlanmaq imkanı veriləcək. İstədikləri halda Avropa bazarı üçün ixrac istiqamətində imkanlarla əlaqədar məsləhət ala bilərlər.

“Müsabiqə Kvemo Kartli və Smatsxe-Cavaxetinin 6 bələdiyyəsində həyata keçirilir. Müvafiq olaraq, həmin bələdiyyələrin kiçik və orta biznes nümayəndələri müxtəlif istiqamətlərdə maliyyə dəstəyi ala bilərlər. Bu əsasən qadın və gənc sahibkarlara dəstək ilə bağlıdır. İkinci istiqamət uyğunlaşdırılmış bizneslərin yaradılmasıdır. Həmin bizneslər çərçivəsində gürcü və etnik azlıq nümayəndələri birlikdə hərəkət edirlər, yaxud biznesdə fəaliyyət göstərirlər. Üçüncü istiqamət isə gürcü məhsulunun Avropa bazarına çıxarılması ya Avropa bazarına uyğun olan səviyyəyə gətirilməsidir”
- Qiorqi Tvaliaşvili qeyd edib.

Görüş iştirakçısı, yerli sakin Xatuna Bolkvadze deyir ki, illərdir tərəvəzçiliklə məşğuldur və öz fəaliyyətini daha da genişləndirməyi, Avropa standartlarına uyğunlaşdırmağı planlaşdırır.

 




“Mənim sahəm kənd təsərrüfatıdır və bu işi çox sevirəm. Bu görüş mənim üçün stimul vericidir. İndiyə kimi çox qrant qazanmışam və indi öz işimi inkişaf etdirmək üçün daha çox istəyim var. Düşünürəm ki, bu layihədə də iştirak edəcəyəm. Öz məhsulumu Avropa bazarına çıxara bilmirəm, qablaşdırma üçün texnikam yoxdur, ola bilsin, bu istiqamətdə layihə yazdım”, – Xatuna Bolkvadze bildirir.

Müsabiqə çərçivəsində hədəf bələdiyyələrdə olan kiçik və orta biznesə dəstək məqsədi ilə 50 qrant veriləcək. Qrantların miqdarı 2000 avrodan 60 000 avroya qədər nəzərdə tutulub.




Qrantlar hədəf bələdiyyələrdə sadalananlardan biri ilə maraqlanan kiçik və orta biznes üçün nəzərdə tutulub:

• Qadınların biznesə qoşulması və onların gücləndirilməsi (qadın sahibkarların imkanlarının inkişaf etdirilməsi, eləcə də gənc sahibkarlara dəstək);
• Uyğun biznes mühitinin yaradılması/təkmilləşdirilməsi (Biznes fəaliyyətinə qoşulmuş şəxslərin etnik rəngarəngliyi, etnik qruplar arasında yaxşılaşdırılmış iqtisadi əlaqələr nəzərdə tutulur);
• Biznes tərəfindən istehsal edilmiş məhsulun/xidmətin Avropa İttifaqı bazarının tələblərinə uyğunlaşdırılması/Avropa İttifaqı bazarına çıxış
• Biznes ideyası ilə bağlı müraciətdə biznes fəaliyyətin sadalanan meyarlardan ən az birinə necə dəstək olacağı izah olunmalıdır.

Müsabiqə çərçivəsində Kvemo Kartli və Samtsxe-Cavaxetidən 6 bələdiyyədə (Marneuli, Bolnisi, Dmanisi, Axaltsixe, Axalkalaki, Ninotsminda) 50 biznes fəaliyyət dəstəklənəcək.

Maliyyələşdirmə belə bölünəcək:

• 15 qrant - 2 000 avroya qədər
• 16 qrant - 2 000 avrodan - 5 000 avroya qədər
• 16 qrant - 5 000 avrodan - 10 000 avroya qədər
• 3 qrant - 10 000 avrodan - 60 000 avroya qədər (Qeyd olunan maliyyəni qazandığı halda, müraciət edən mütləq biznes tərəfindən istehsal edilmiş məhsulu/xidməti Avropa İttifaqı bazarının tələblərinə uyğun vəziyyətə gətirməlidir).


Ətraflı məlumat və biznes ideyası üçün müraciət formasını linkdən əldə edə bilərsiniz.


 

Print E-mail
FaceBook Twitter Google