Məktəbi bitirdilər, sonra nə baş verir? – Marneulili üç məzun
Şulaveri kənd sakini Yura Qumaşyan bu il Marneuli miqyasında məktəbi bitirən 1318 şagirddən biridir. Yuranın məktəbində də "Son zəng" çalınıb: məktəbdə şənlik, sinif yoldaşları tərəfindən yazılan ağ köynəklər və paytaxtda ənənəvi gəzinti.


"Son zəng çalındı və məqsədim Vahid Milli İmtahanları verməkdir. Hələ haraya qəbul olacağımla bağlı 100% qərar verməmişəm. Ancaq dəqiq bilirəm ki, təhsil istiqamətində getmək istəyirəm. Çünki bizim vətənimizdə, bizim regionda xüsusilə təhsil problemi olduğunu görürəm. Biz 9-cu sinifdən gələcək ixtisasımız haqqında fikirləşməyə başlayırıq. Ancaq əksər məktəblərdə nə istədiklərini bilmirlər, hansı ixtisaslar var. Kim nə etməlidir? Mən də hələ müəyyənləşdirmə dövründəyəm. 1+4 proqramından yararlanmaq imkanım var deyə düşünürəm ki, gürcü dili intensiv kursları zamanı hansı istiqamətə gedəcəyimi daha yaxşı başa düşəcəyəm".

Yura məktəbdən kənar təlimlərə getdiyi zaman gürcü dilini daha həvəslə öyrənməyə başlayıb. Gürcü dilini öyrənmək motivasiyası qeyri-formal təhsildən yaranıb.

"Səninlə gürcü dilində danışırlar, izah edirlər və sən cavab verə bilmirsən. Bu çox pis hissdir. Sən izah ediləni 100% başa düşmürsən. Bundan sonra gürcü dilini öyrənməyə başladım. Mən elə kənddə yaşayıram ki, gürcüdilli şəxslərlə ünsiyyət qurmaq mümkündür və fəal olaraq ünsiyyətə başladım. Davamlı şəkildə təlimlərə qeydiyyatdan keçirdim və iştirak edirdim. Dövlət dilini bilmək açardır. Erməni, azərbaycan dilində məlumat yayımlanır. Ancaq Gürcüstanda yaşayırsansa, dil bilmək vacibdir. Kəndlərdə tələb var amma hamının öyrənməsi üçün resurs yoxdur".

Yura Qumaşyanın məqsədi Gürcüstanda etnik azlıqlara qarşı olan stereotipləri qırmaqdır. 17 yaşlı gənc deyir ki, paytaxtda, Avropada təhsil almaq istəyir. Ancaq başqa gənclərin təhsil səviyyəsini yaxşılaşdırmaq üçün mütləq icmaya geri qayıtmaq istəyir.

"Mənim ailəmdə heç vaxt, məsələn, Ermənistana getməliyəm kimi söhbətlər olmayıb. Bəli, o ölkə mənim tarixi vətənimdir. Ancaq heç vaxt mənim evimdə gələcəyimin Gürcüstanla əlaqədar olmaması kimi söhbətlər olmayıb. Həmişə düşünürdüm və indi də düşünürəm ki, hara qəbul olsam da, öz ölkəmin, öz kəndimin, icmamın vəziyyətini yaxşılaşdırmalıyam. Dəqiq bilirəm ki, qəbul olun Tbilisidə təhsil alacağam, mütləq xaricə də gedəcəyəm. Öyrəndiyim hər şeyi qayıdıb öz kəndimlə bölüşmək istəyirəm. Əsas etnik azlıqlarla bağlı olan stereotipi qırmaq istəyirəm ki, erməni və ya azərbaycanlısansa, deməli Gürcüstanda gələcəyin yoxdur".

Ana-Maria Şubitidze Marneuli bələdiyyəsinin Saimerlo kənd məktəbini bitirib. 17 yaşlı gənc hələ uşaq bağçasından hansı peşəni istədiyini fikirləşib və 12 il bu məqsəd üçün hazırlaşıb.

"Məqsədim var. Həyatda nə istədiyimi bilirəm və məktəbdən əldə etdiyim bilikdən nə istədiyimi dəqiq bilirəm. Mənim seçdiyim ixtisas tibblə bağlıdır. Bu ideya uşaq bağçasından gəlir. Tamaşada həkim rolu oynayırdım və bu ideya, istək orada yarandı. Mənim üçün həkim rolunda olmaq çox maraqlı idi. İnsanlara yardım etməyi, dəstək olmağı çox sevirəm".

Ana-Maria hesab edir ki, məktəb ona universitetə qəbul olmaq üçün hər şey verib.

"Məktəb ilk növbədə mənə insani xüsusiyyətlər verdi. Məktəbdə sevgi, dəstək, anlayış öyrəndim. Bu insani xüsusiyyətlərlə məktəbdə biologiya, kimya kimi fənləri sevdim. İlk növbədə qeyd edim ki, milli imtahanları vermək fərqli , vunderkind olmaq deyil. Milli imtahanlar sənə uyğunlaşmalı olduğun çərçivəni verir və bu proqram məktəbdə öyrənilir. Əlbəttə mən təkcə məktəbə arxalanmadım və repetitor yanına da gedirdim, hələ də gedirəm. Repetitorlar köməkçi qüvvələrdir. Fərdi proqram 30 uşağa bölünəcək məlumatdan daha üstündür".

  • Gələcək həkim kimi səhiyyə sistemində nəyi bəyənmirsən?

"Düşünürəm ki, indiki həkimlər daha çox rahatdırlar. Öz işlərindən beziblər. İlk başlanğıcda olduğu kimi enerjili deyillər. Mən bu yanaşmanı dəyişəcəyəm. Çalışaçağam, gülümsəyim və pozitiv həkim olum. Bizim ölkədə işləyən həkimlər əsasən rus dilində danışırlar. Ədəbiyyat da əsasən rus dilindən tərcümə olunub. Gürcüstanda kifayət qədər tibb ədəbiyyatı yoxdur. Rus dilindən pis tərcümə olunub. Mənasız terminologiyalar var. Mən şəxsən xaricdə ingilis dilində təhsil almağı da planlaşdırıram. Ancaq bunu bir şərtlə edəcəyəm ki, orada təhsil alıb işləmək üçün Gürcüstana qayıdacağam. Öz ölkəmdə işləmək istəyirəm. Əlbəttə Marneulidə işləmək istəyərdim. Çünki ixtisas seçimimdə mənbə mənim icmam, qohumlarım, qonşularım var idi. Əlbəttə böyük şəhərdə işləmək zövq vericidir. Ancaq mən bilik və təcrübəmi Marneulidə bölüşməyə çalışacağam".

Səidə Abdullayeva da həkimlik arzusundadır. Səidə Marneuli bələdiyyəsinin Kirəç-Muğanlı kənd məktəbini bitirib. 17 yaşlı qız ümid edir ki, Tibb Universitetinə qəbul ola biləcək. Ancaq onun üçün dövlət dilini bilmək səviyyəsi müəyyən qədər baryerdir.

""Məktəb illəri həyatımın ən gözəl illəridir. İlk dəfə məktəbə getdiyim o günəşli günü yaxşı xatırlayıram. İllər necə də tez keçdi. Həqiqətən də məktəb illəri tez başa çatdı. Mən bu illər ərzində çox şeylər öyrəndim. Məktəb mənə çox bilik verdi. Sevinirəm ki, arzularımı gerçəyə çevirəcəyim vaxt gəldi. Bu çox həyəcanlı imiş".


Həkimlik Səidə üçün öz üzərində işləməyə stimuldur.

"Çətinliklərə hazıram və bu məni qorxutmur. İnanıram ki, uğur üçün bəzi problemləri aşmalı olacağam. Gürcü dilini müəyyən səviyyədə bilirəm. Universitetə yaxşı hazırlaşacağam, yaxşı oxuyacağam və inanıram ki, gürcü dili səviyyəmi də yaxşılaşdıracağam. Qəbul olacağıma inanıram".

Marneulidə ümumilikdə 74 ictimai məktəb fəaliyyət göstərir. Bu il 1318 şagird üçün son zəng çalınıb.

Print E-mail
FaceBook Twitter Google