Kreml dekabrın 2-də bildirib ki, prezident Vladimir Putin Ukraynada
münaqişənin mümkün həllinə dair danışıqlara açıqdır və məsələnin
diplomatik yolla həllinə inanır.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Putinlə mümkün danışıqlar
barədə danışmışdı.
Reuters agentliyinin yazdığına görə Bayden və Fransa prezidenti
Emmanuel Makron bildirmişdilər ki, Ukraynada mühahiribənin başa
çatmasının yeganə yolu Rusiya qoşunlarının bu ölkədən tamamilə
çıxarılmasıdır.
Baydenin bu bəyanatı barədə suala cavab verən Kreml sözçüsü Dmitri
Peskov deyib ki, Putin danışıqlara hazırdır, amma qoşunlarını
Ukraynadan çıxarmayacaq.
Putin bildirmişdi ki, Ukraynaya müdaxilə etdiyinə görə heç bir
peşmançılıq hissi keçirmir və bu, Rusiyanın “Qərbin lovğa
hegemonluğuna” qarşı çıxmasının həlledici anı idi.
Ukrayna və Qərb bildirirlər ki, Putinin Ukraynaya qarşı
müharibəsinin heç bir əsası yoxdur.
Kiyev isə bəyan edib ki, Ukrayna sonuncu Rusiya əsgəri onun
ərazisindən çıxarılanadək döyüşəcək.
Ağ Evdə çıxış edən Bayden də deyib ki, Putin bu “barbar müharibəyə”
görə məsuliyyətə cəlb olunacaq və onun bu müharibədə qələbə
qazanacağı ağlasığmazdır.
Peskov deyib ki, ABŞ-ın Rusiyanın Ukraynada ilhaq etdiyi əraziləri
tanımaması hər hansı potensial kompromisi mümkünsüz edir.
Kremlin sözçüsü bildirib ki, Rusiyanın Ukraynadakı hərbi
əməliyyatları davam etdiriləcək.
ABŞ Prezidenti Co Bayden (Joe Biden) dekabrın 1-də Ağ evdə fransalı
həmkarı Emmanuel Makronla (Emmanuel Macron) görüşüb. Tərəflər
Rusiyanın Ukraynanı işğal etməsinə qarşı mübarizəni davam etdirmək
öhdəliklərinə sadiq qaldıqlarını vurğulayıblar.
İki lider birgə bəyanatda bildirir ki, Rusiya “geniş miqyasda
sənədləşdirilən, həm nizami silahlı qüvvələrin, həm də Vaqner kimi
muzdlu birliklərin Ukraynada törətdiyi vəhşiliklər və müharibə
cinayətləri” üçün savab verəcək.
Bayden görüşdən sonra birgə mətbuat konfransında deyib ki, Rusiya
Prezidenti Vladimir Putin “müharibəni bitirməyin yolunu axtararsa”,
onunla danışmağa hazırdır. Makron isə Ukraynanın qəbul edə
bilmədiyi kompromisə vadar olunmayacağı vədi verib.
İki lider Ukraynanın öz suverenliyi və ərazi bütövlüyünü
müdafiəsinə dəstəyi, “nə qədər çəkərsə”, davam etdirəcəklərini
bildiriblər. Bu dəstəyə ukraynalıların qışdan çıxmasına kömək
edəcək əhəmiyyətli resurslar da daxildir.
Bəyanatda deyilir ki, ABŞ və Fransa Ukraynaya birbaşa büdcə
dəstəyini davam etdirəcək, beynəlxalq maliyyə qurumlarını da
dəstəyin artırmağa çağıracaq.
“Demokratik dəyərlərin və universal insan haqlarının qorunması hər
iki ölkənin qəlbindədir”, –deyə vurğulanıb.
“Bu o demək deyil ki, biz hər şeyi ayrılıqda razılaşdırırıq. Ancaq
o deməkdir ki, demək olar, hər şeydə razılaşırıq”, –
Bayden Makronla görüşdən sonra deyib.
Makronun sözlərinə görə, iki ölkə okeanın hər iki tatında
demokratiyaları qorumaqdan ötrü birgə məsuliyyət daşıyırlar,
Ukraynadakı müharibənin birbaşa və dolayısı fəsadları ilə birlikdə
üzləşirlər.
Bu il fevralın 24-də Ukraynaya irimiqyaslı hücuma başlayan Rusiya
qərbin sərt sanksiyaları ilə qarşılaşıb.