Talibanın qadınların hərəkət azadlığına qadağaları taksi
sürücülərinin müştəri sayını daha da azaldıb.
Silahlı qruplaşma Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra
yaranan iqtisadi çöküş taksi sürücüsü Rəhmətin də gəlirinə təsirsiz
ötüşməyib.
İndi Rəhmət növbəti maliyyə zərbəsi ilə üzə-üzədir. Çünki Taliban
taksi sürücülərinə avtomobillərinin rəngini sarıdan firuzəyiyə
dəyişməyi əmr edib.
Kabildə yaşayan Rəhmət “Azadi” radiosuna deyib: “İş getmir, bu son
əmri yerinə yetirməyə heç bir imkanım yoxdur. Müştərilərimdən
yuxarı yolhaqqı tələb edə bilmərəm, onsuz da verə
bilməyəcəklər".
Başqa bir sürücü Həmidullah “Azadi” radiosuna deyib ki, boya
xərcləri 300 dollara başa gəlir və bu xərci qarşılamaq çətindir.
Bir çox əfqan üçün bu, böyük məbləğdir: “Ailəmi necə
dolandıracağımı bilmədiyim halda, bu pulu necə verə bilərəm?!
Taliban taksilərin yenidən rənglənməsini istəyirsə, pulunu
ödəsin”.
Taliban bu addımın Əfqanıstanda geniş yayılmış cinayətkarlıqla
mübarizə məqsədi daşıdığını bildirib. Son illər adam oğurluğu və
soyğunçuluq hadisələrinə taksi kimi istifadə olunan avtomobillər
cəlb edilib.
“Bizdə bütün taksilər üçün xüsusi rəng olarsa, bu, adam oğurluğu,
digər cinayətlər və təhlükəsizliyin aradan qaldırılmasına kömək
edəcək”, – Taliban Daxili İşlər Nazirinin müavini Məhəmməd Nəbi
Öməri mayın 9-da Kabildə jurnalistlərə deyib.
Talibanın bu qərarı həm də Əfqanıstanda taksi sektorunu tənzimləmək
cəhdi kimi görünür. Bir çox taksi sürücülərinin icazəsi yoxdur və
vergi ödəməkdən yayınırlar. Bəzi əfqanlar əlavə qazancdan ötrü
şəxsi avtomobillərini taksi kimi istifadə edir, çox vaxt
sərnişinləri insanların sıx olduğu yerlərdən götürürlər.
Öməri bildirib ki, bütün taksilər texniki baxışdan keçməlidir,
bundan sonra onların sahiblərinə yeni fəaliyyət lisenziyası
veriləcək.
Əfqanlar Talibanı yüksək işsizlik və kəskin aclıq kimi daha aktual
problemlərdən qaçaraq əhəmiyyətsiz məsələlərə diqqət yetirdiyinə
görə tənqid edirlər.
2021-ci ilin avqustunda Talibanın hakimiyyəti ələ keçirməsi ilə
daha da ağırlaşan böyük humanitar böhranı BMT "aclıq ocağı"
adlandırıb. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin məlumatına görə,
Taliban hakimiyyəti ələ keçirdikdən sonra, 1 milyona yaxın insan
işini itirib və işçilərin təxminən 90 faizi gündə 1,9 dollardan az
qazanır.
"Bu gülüncdür, çünki sarı rəng universal olaraq taksilərlə
əlaqələndirilir”, – Kabil sakini Araş öz fikrini dilə gətirib.
“Buna ehtiyac yoxdur. Əhalinin, taksi sürücülərinin buna imkanı
çatmayacaq. Taliban diqqətini xidmətlərin göstərilməsinə
yönəltməlidir ki, insanların həyatı yaxşılaşsın", – o, sözlərinə
əlavə edib.
Talibanı yaxından izləyən təcrübəli Əfqanıstan jurnalisti və
şərhçisi Sami Yusufzayi bu addımın "qeyri-sağlam və qeyri-real"
olduğunu deyib:
"Görünür, onlar dünyanın ən zəngin ölkələrindən biri olan Qətərdən
nümunə götürürlər, halbuki Talibanın idarə etdiyi Əfqanıstan
dünyanın ən kasıb ölkələrindən biridir".
Qətərdə taksilər firuzəyi rəngdədir. Talibanın bu ölkədə siyasi
ofisi var.
Taliban rəsmiləri yeni qaydanı pozan taksi sürücülərini hansı
cəzaların gözlədiyini açıqlamayıb. Lakin Yusufzayi deyib ki, yeni
qaydalar “taksi sürücülərini həbs, onların avtomobillərini müsadirə
edən Taliban üçün yeni gəlir mənbəyinə çevriləcək”.
Taliban ölkədə qəzəb və çaşqınlıq doğuran bir sıra qərarlar qəbul
edib.
Taliban apreldə Əfqanıstanın qərbindəki Herat şəhərində video-oyun
məkanlarını, xarici filmlər, seriallar və musiqi satan mağazaları
bağladı. Qrup əvvəllər şəhərdə qadınların idarə etdiyi kafe və
restoranları da bağlamışdı. Noyabrda isə əfqan qadınlarına Kabildə
ictimai hamamlara, parklara və idman zallarına girməyi
yasaqlamışdı. Həmin ayın əvvəlində Taliban hakimiyyəti heyvan
xayasının satışını qadağan edib, bunun islamda xoş qarşılanmadığını
bildirib.
Bu arada pərakəndə satış məntəqələrindən manekenlərin başlarını
örtmək və ya kəsmək tələb olunur. Taliban hesab edir ki, İslamda
heykəllər və insan bədəninin təsvirləri qadağandır.