Namizədlərin diskriminasiya ilə və qeyri etik təqdimatı – qeyri-hökumət təşkilatları Qaribaşvili tərəfindən Azərbaycanlıların “azəri” şəklində qısaldılaraq qeyd edilməsini belə dəyərləndirirlər
Bu gün, 25 mart tarixində “Gürcü Arzusu”nun siyasi şurasının katibi İrakli Qaribaşvili növbədənkənar seçkilərdə iştirak edəcək namizədləri təqdim edib. Həmin namizədlər arasında Marneuli meri vəzifəsinə namizəd Zaur Darğallı da olub.

“Zaurun Kvemo Kartlidə uğurlu iş sahəsində böyük təcrübəsi var, o, parlaq şəxsiyyətdir, etnik azəridir, bizim vətənimizin layiqli övladıdır. İnanırıq ki, o, Marneuli bələdiyyəsindəki işinin öhdəsindən də müvəffəqiyyətlə gələcək”,
Qaribaşvili Zaur Darğallını təqdim edərkən qeyd edib.

Mülki İnteqrasiya Fondunun rəhbəri Zaur Xəlilov Qaribaşvilinin namizədlərin təqdimatı zamanı onun etnik mənsubiyyətinə diqqət çəkməsini diskriminasiya hesab edir.

“Əgər Qaribaşvili Gürcüstan vətəndaşının etnik mənsubiyyətini müsbət kontekstdə xatırlatmaq istəyirdisə, o zaman etnik mənsubiyyəti qeyd etməliydi. Düzdür, ingilis dilində əvvəllər “azəri” sözünə rast gəlirdik, lakin bu artıq çoxdandır ki, belə deyil və bir millətin adının qısaldılması diskriminasiya kimi qəbul edilir”, – Zaur Xəlilov deyir və qeyd edir ki, etnik mənsubiyyətin vurğulanması inteqrasiya prosesinə mane olan amildir.

İnsan Hüquqlarının Monitorinqi və Araşdırılması Mərkəzinin (EMC) bərabərlik siyasəti proqramının rəhbəri Tamta Mikeladze namizədlərin təqdimatının problemli olduğunu deyir. Belə ki, bəyanatda bələdiyyələrin real ehtiyacları və hakim partiyanın yerli icmalarda mövcud olan sistematik sosial problemlərin həlli istiqamətində siyasi düşüncələri barədə söhbət açılmayıb. Mer vəzifəsinə namizədlərin təqdimatı zamanı onların siyasi təcrübələrinə toxunulmayıb, Qaribaşvili tərəfindən Marneuli meri vəzifəsinə Zaur Darğallının təqdim olunması zamanı isə onun “etnik azəri” şəklində təqdim olunması isə daha bir problemdir. Tamta Mikeladzenin sözlərinə görə, belə bəyanat hakim partiyanın etnik azlıq məsələləri ilə bağlı məlumatının və həssaslığının azlığını göstərir.

“Belə adlandırma natamam və qeyri-etikdir. Siyasi şuranın katibi etnik qrupun adını heç olmasa düzgün deməli və “azərbaycanlı” terminini işlətməli idi. “Gürcüstan azərbaycanlısı” terminindən istifadə etməsi isə daha yaxşı olardı və bununla da tarixən Gürcüstanda yaşayan və gürcü mədəniyyəti və sosial mühiti ilə dərindən bağlı olan bizim həmvətənlərimiz olan azərbaycanlı icmasının Gürcüstanla bağlılığını vurğulamış olardı”, – Tamta Mikeladze deyir.

EMC-nin bərabərlik siyasəti proqramının rəhbəri onu da qeyd edir ki, təqdim olunan namizədlərin heç biri qadın olmayıb ki, bu da qadınların siyasətdə iştirakı probleminin daha bir sübutudur.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər