"Xalq nəzarəti" Marneulidə bir neçə obyekti yoxlayıb
“Xalq nəzarəti” verilişi Marneulidə olub. Məqsədi qida, iaşə və s. obyektlərdə gigiyena, sanitar və digər müxtəlif normaların pozuntularının aşkarlanması olan televiziya verilişi Marneulidə bir neçə obyekti yoxlayıb.

Marneuli bazarı ərazisi və küçə ticarətçiləri də “Xalq nəzarəti”nin obyektivinə düşüb. Qeyd olunan problemi “Marneuli” radiosu da dəfələrlə işıqlandırıb. Süd məhsullarının vizual görüntüsü, temperatur rejiminin qorunmaması, antisanitariya Marneuli bazarında qarşılaşa biləcəyiniz
problemlərdəndir. Bu problemin aradan qaldırılması məqsədi ilə Marneuli meriyası bir neçə dəfə küçə ticarətçilərinə xəbərdarlıq edib, lakin problem bu günə kimi öz həllini tapmayıb.

Küçədə süd məhsulları satan satıcılardan başqa “Xalq nəzarəti” bazar ərazisində olan bir neçə bərbərxanaya da baş çəkib. Həmin obyektlərdə əsasən antisanitariya və binada siqaret çəkilməsi faktları aşkarlanıb.

Bərbərxanalardan başqa Marneuli bazarı ərazisində yerləşən çörək bişirilən obyektlərdə də siqaret çəkilməsi halları aşkarlanıb. Demək olar ki, bu obyektlərdə siqaret çəkilməsi ən yüngül pozuntu halıdır. Bu obyektlərdə sanitar normalara riayət olunmur, tavan uçub və keflənib, divar və döşəmədə isə tarakanlar, qarışqalar və digər həşəratlar gəzişir.

“Xalq nəzarəti”nin çəkiliş qrupu Marneuli 1 saylı uşaq bağçasında da olub. “Tut bağı” adlanan ərazidə yerləşən bağçada əsas problem kimi, isti suyun olmaması qeyd olunub. Buna görə də uşaqlar əllərini, işçilər isə qabları soyuq su ilə yumalı olurlar. Bağçada əsas problemlərdən biri də ayaqyoludur. Belə ki, burada havalandırma sistemi qaydasında deyil, unitaz isə cəmi bir ədəddir.

Veriliş Marneulidəki ən məşhur restoranlardan olan “Qafqaz” restoranına da baş çəkib. Restoranın meneceri çəkiliş qrupunun restorana daxil olmasına mane olmağa çalışıb, bu zaman isə əməkdaşlar mətbəxi yığışdırmağa və qida məhsullarını etiketləməyə başlayıblar.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər