Əli Bədirov seçicilərə nə vəd edir - seçki proqramı

Marneulidə seçkiöncəsi kampaniya aktiv mərhələyə qədəm qoyub. Mer vəzifəsinə namizədlər seçicilərlə görüşür, onları öz planları ilə tanış edir və müəyyən vədlər verirlər.



Marneulidə ümumilikdə 15 namizəd qeydiyyatdan keçib, lakin onlardan yalnız bir neçəsi fəallıq göstərir. Seçkiöncəsi kampaniyanı fəal şəkildə aparan namizədlərdən biri müstəqil namizəd Əli Bədirovdur.

Biz Əli Bədirovun Marneulili seçicilərə nə vəd etdiyi ilə maraqlandıq. Onun
seçki proqramına əsasən Bədirov infrastrukturun inkişafı baxımından idman zallarının, mini futbol meydançalarının və uşaq bağçalarının bərpası/tikintisini planlaşdırır. Marneulinin mərkəzi stadionu “Marneuli arena”nın tikintisi də onun planlarına daxildir.

Bədirov vətəndaşların iştirakı baxımından hər həftə vətəndaşların suallarına cavab verməyi və bunu da “Facebook” vasitəsilə canlı yayımlamağı düşünür. O, hər rübdə bir dəfə maraqlanan şəxslərlə davam edən və planlaşdırılan layihələr barədə söhbət açılacaq konfrans keçirəcək.Vətəndaşların qəbuluna gəlincə isə, Bədirov bunun üçün bir deyil, iki gün ayırmağı planlaşdırır.

Seçki proqramına əsasən Əli Bədirov mer seçiləcəyi təqdirdə kadr siyasətini dəyişdirməyi də planlaşdırır. O, bir qadın müavini olacağını, attestasiya/müsabiqələrin ədalətli və şəffaf keçiriləcəyini, müsabiqə komissiyasında minimum bir nəfər ekspert/qeyri hökumət sektorunun nümayəndəsi olacağını, vəzifəyə təyinat zamanı hər iki dili (gürcü və azərbaycan dilləri) bilənlərə üstünlük veriləcəyini və həm məzunlara, həm də tələbələrə təcrübə keçmək imkanı yaradılacağını vəd edir.

Ekologiya baxımından tullantıların idarə olunması və emalı sisteminin yaradılması, park və meydançaların yaradılması və şəhərdə havanın çirkləndirilməsinin monitorinqinin həyata keçirilməsi Bədirovun planlarına daxildir.

Bədirovun proqramında turizm potensialının gücləndirilməsi iqtisadi inkişaf istiqamətində əsas planlardan biridir.

Sosial siyasət istiqamətində meriya qanunsuz yaşayış sahələri məsələsinin qaydaya salınması, torpaqların leqallaşdırılması məsələsinin həllinə dəstək, ehtiyac içində yaşayan ailələrə müxtəlif yardımlar və uşaqların yay kurort-sağlamlıq düşərgələrində istirahəti proqramlarını həyata keçirəcək. Məhdud fiziki imkanlı şəxslərə gəlincə isə Bədirovun proqramına görə, onlar əlil arabası ilə təmin olunacaqlar və bələdiyyədə hərəkət edə bilmələri üçün müvafiq infrastruktur yaradılacaq.

Təhsil, mədəniyyət, idman və gənclər siyasəti istiqamətində müstəqil namizədin planlarına nailiyyət qazanan tələbələr və istedadlı şagirdlərə mer təqaüdünün verilməsi, keyfiyyətli məktəbəqədər təhsil, ictimai məktəblərin infrastrukturunun inkişafı daxildir. Bədirovun proqramına görə, o, bələdiyyədə, eləcə də bütün Kvemo Kartlidə məktəb, şəhər turnirləri keçirilməsinə, mədəni turizmin inkişafına və idman klublarının formalaşdırılmasına dəstək olacaq.

Qeyd edək ki, Marneulidə növbədənkənar mer seçkiləri 19 may tarixində keçiriləcək.
“Marneuli” radiosu

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər