Marneulinin Nəzarət Xidməti axşam saat 9-dan 11-ə qədər şəhərdə tullantıların qanunsuz atılmasına nəzarət edəcək

Marneuli bələdiyyəsinin özünüidarəetməsi son 10 gün ərzində tullantıların qanunsuz atılması ilə bağlı ona yaxın cərimə yazıb.



Bu gün, 12 noyabr tarixində gənclərin problemləri ilə bağlı araşdırmanın təqdimatında Marneuli meri Zaur Darğallı bildirdi ki, bələdiyyə tullantıların idarəsi ilə bağlı fəal şəkildə çalışır, “Təmiz Marneuli” MMC-nin gücləndirilməsi də planlaşdırılır və məhz buna görə Nəzarət Xidməti fəal şəkildə cərimə yazmağa başlayıb.

“Marneuli” radiosuna meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildiriblər ki, təqribən on gündür meriyanın Nəzarət Xidmətinə yeni funksiya əlavə edilib. Onlar saat 21:00-dan 23:00-a qədər Marneuli şəhərinin küçələrində növbətçilik edəcəklər ki, tullantıların qanunsuz atılması faktlarını aşkar etsinlər.

Meriyanın məlumatına görə, indiki mərhələdə ona qədər şəxs iki kiloqrama qədər məişət tullantısını atıblar və 80 lari dəyərində məbləğlə cərimələniblər.

 

"Marneuli" Radiosu

 

Print