Təbii fəlakətdən zərər çəkmiş 81 vətəndaşın torpaq vergisini bu il meriya ödəyəcək
Meriya 81 nəfər Marneuli sakinini torpaq vergisindən azad edəcək. Bu haqda 15 noyabrda baş tutan Bələdiyyə Məclisinin iclasında məlum olub. Merin müavini Laşa Lobjanidzenin dediyinə görə, Marneulidə iyulda baş vermiş təbii fəlakət zamanı məhsuluna 50%-dən artıq zərər dəyən vətəndaşlar sadəcə bu il torpaq vergisindən azad olunacaqlar.



“Təbii fəlakət nəticəsində dəymiş zərərə görə qanunvericilik bizim tərəfimizdən arayış verməyi tələb edir ki, həqiqətən də fəlakətə görə bu zərər dəyib. Ümumilikdə yerli büdcədən ayrılan məbləğ 46 000 lari təşkil edir. Təbii fəlakət zamanı işçi qrupu yaradıldı və qrup bu məsələni araşdıracaq. Orada torpaq vergisindən azad olunmaq istəyən daha çox adam var idi. Ancaq qanunvericiliklə nəzərə alınıb ki, zərərin səviyyəsi 50 faizdən artıq olmalıdır”,-Laşa Lobjanidze bildirir.

Güclü fəlakət iyul ayında Marneulinin Xixani, Şaumyani, İmir, Tsitelsopeli və Saimerlo kəndlərinə əhəmiyyətli dərəcədə zərər vurdu. Qeyd edək ki, Marneulidə iyul ayında üç dəfə fəlakət qeydə alınıb. Dolu evlərin dam örtüyünə zərər vurdu və məhsulun əksər hissəsini məhv etdi. Marneuli miqyasında isə yalnız bir fermer öz məhsulunu sığorta etdirmişdi.  

წითელსოფელი

Bələdiyyədə 12 iyulda zərəri hesablayacaq komissiya yaradıldı və onun üzvlərindən biri Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Kvemo Kartli İdarəsinin baş mütəxəssisi Pavle Sivsivadze idi. O, deyir ki, məhsulun sığortalanması bir növ vərdişə çevrilməlidir, ancaq Marneulidə başqa reallıq qarşısındayıq.

“Kənd təsərrüfatı sığortasız olmaz. Bu gün bizim bələdiyyədə vəziyyət başqadır, əsasən torpaq sahələri qeydiyyatdan keçməyib və ona görə də sığortalamaq mümkün deyil. Yaxud uzun müddətə icarəyə verilib. Çalışmalıyıq ki, birinci növbədə qeydiyyatdan keçirək və sonra isə bu məsələni fermerlərə çatdıraq ki, kənd təsərrüfatında sığortasız məhsul götürmək mümkün olmur. Meriyanın onlara (fəlakətdən zərər çəkənlərə) başqa cür vəsait ödəmək hüququ yoxdur. Yalnız torpaq vergisindən azad edə bilər. Bu kiçik məbləğdir, hektara təqribən 100 laridir və hektarlarla zərərin qarşısında bu kiçik məbləğdir”, - Pavle Sivsivadze deyir.

Bələdiyyə Məclisinin bugünkü iclası növbədənkənar idi və iclasda gündəlik qrafikə əsasən yalnız bir məsələ nəzərdə tutulmuşdu. Qeyd olunan məsələ ilə bağlı deputatlar yekdilliklə müsbət qərar qəbul etdilər.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər