Bu gün, 25 noyabr tarixində Marneuli Mülki
Məşğulluq Mərkəzində Qadın zorakılığına qarşı beynəlxalq mübarizə
günü ilə bağlı görüş keçirildi.
“Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyası”-nın
təşkilatçılığı ilə “Gələcək nəsil” proqramı çərçivəsində keçirilən
görüşdə Marneuli, Bolnisi və Tetritskaro məktəblərinin şagirdləri
iştirak edirdilər. Xalq müdafiəçisi aparatının Kvemo Kartli
aparatının nümayəndəsi Mariam Qvidiani qadınlara qarşı zorakılıq,
ailə zorakılığı və insan istismarı ilə bağlı statistik məlumatlar,
belə halların qarşısının alınması barədə söhbət açdı.
“Görüş çox maraqlı keçdi. Erkən yaşda evliliklə bağlı suallar
verildi.Bundan başqa uşaqların cinsi zorakılıq anlayışı ilə bağlı
sualları oldu. Bunun nə olduğunu və hansı mexanizmlərin mövcud
olduğunu izah etdik. Fikrimcə bu görüş çox məhsuldar oldu. Görüşdə
üç bələdiyyədən 5 məktəb iştirak edirdi və hesab edirəm ki, yalnız
dövlət strukturlarının deyil, eyni zamanda mülki sektorun da bu
problemin həllinə çalışması çox mühümdür”, – Mariam
Qvidiani dedi.
Bugünkü görüşdə Tsereteli, Saimerlo, Tamarisi, Bolnisi və
Tetritskaro şagirdləri və müəllimlər iştirak edirdilər. Tsereteli
ictimai məktəbinin 8-ci sinif şagirdi Lika Barbakadze görüşün mühüm
olduğunu deyir.
“Düzdür, tolerantlıq, gender bərabərliyi barədə müəyyən
təsəvvürlərim var idi, lakin məsələ ilə burada daha geniş şəkildə
tanış oldum. Əsas o idi ki, biz öz hüquqlarımız barədə məlumat
aldıq və biz öz hüquqlarımızı bildiyimiz təqdirdə artıq Gürcüstanda
bu qədər zorakılıq olmayacaq. Buna görə də təhsil çox mühümdür və
əgər təhsillisənsə, özünü qorumağa çətinlik
çəkməzsən”, – Lika Barbakadze deyir.
Marneuli 1 saylı ictimai məktəbində də belə görüşün keçirilməsi
planlaşdırılır. Xalq müdafiəçisi aparatının məlumatına görə,
2019-cu il cinsi zorakılığa qarşı 16 günlük kampaniyanın əsas
mövzusu cinsi zorakılıqdır. Cari il cinsi zorakılıqla mübarizənin
qanunla tənzimlənməsi və müvafiq təcrübə baxımından çox mühüm
idi.
"Marneuli" Radiosu