Marneuli Karlar İttifaqının benefisiarlarının kompüterlərə ehtiyacı var
Masa, stullar,
televizor, masa tennisi və bir neçə stolüstü oyun inventarları –
bunlar Marneuli Karlar İttifaqının ofisində olan inventarların
siyahısıdır. İttifaqın 30-dək benefisiarı həftədə iki dəfə ofisə
toplaşırlar.
Bura onlar üçün eyni
zamanda informasiya mübadiləsi, problemlərin həlli və əyləncə
yeridir.
Benefisiarlar vaxtlarının əsas hissəsini problemlərinin həllinə
sərf edirlər, boş vaxtlarında isə stolüstü oyunlar oynayırlar.
Karlar İttifaqının tərcüməçisi Emo Osipenkonun “Marneuli” radiosuna
bildirdiyinə görə, benefisiarların bəziləri mobil telefondan
istifadə etməyi belə bacarmırlar. Buna görə də ictimaiyyətdən və
inkişafdan kənar qalıblar.
“Onlardan bəziləri mobil telefondan belə istifadə edə
bilmirlər və vəziyyət çox pisdir. İstəmirik ki, benefisiarlarımız
cəmiyyətdən təcrid olunsunlar və müasir texnologiyadan istifadə edə
bilməsinlər”, – Emo Osipenko benefisiarlarına
kompüter öyrətmək istəyir, lakin Karlar İttifaqının kompüteri
yoxdur.
Marneuli meriyası ötən il təşkilata masa və stullar verib, lakin
Osipenko bizimlə söhbəti zamanı bildirdi ki, resurs çatışmazlığına
görə, meriya onlara kompüter ala bilməyib.
“Kompüter istəyirik ki, benefisiarları öyrədək. İstəmirik ki
cəmiyyətdən təcrid olunmuş vəziyyətdə qalsınlar. Cəmiyyət inkişaf
edir və onlar da öz ehtiyaclarını qarşılamaq üçün ən azından
elementar biliyə yiyələnməlidirlər”, – Emo Osipenko
deyir.
Osipenkonun sözlərinə görə, onlar üçün kompüterin keyfiyyəti və
sayının elə də əhəmiyyəti yoxdur, yetər ki, 30 nəfərədək benefisiar
heç olmasa həftədə iki dəfə müasir texnologiyalardan istifadə etmək
imkanına malik olsun.