“Hər bir Marneuli sakini kifayət qədər böyük risk altındadır”, – Zaur Darğallı
Marneuli merinin sözlərinə görə, koronavirusa yoluxmuş şəxs bir neçə gün öncə il mərasimində olub

Bu gün, 22 mart tarixində Marneulidə bir nəfərdə koronavirus aşkarlandı. Marneuli meri Zaur Darğallı “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, hazırda aktiv işlər aparılır və yoluxmuş şəxsin kimlərlə təmasda olduğu müəyyənləşdirilir.

Zaur Darğallı bildirdi ki, ölkədə elan olunmuş fövqəladə vəziyyət şəraitində Marneuli meriyası vətəndaşların hərəkəti və toplaşması ilə bağlı əlavə məhdudiyyətlər və tənzimləmələr təyin edə bilməz, lakin hər bir Marneuli sakini başa düşməlidir ki, təhlükə realdır.

“Mən Marneuli sakinlərinə bir daha məsləhət görürəm ki, evlərində qalsınlar, çünki bələdiyyədə təhlükə mövcuddur. Bu şəxslə çox adam təmasda olmuş ola bilər, çünki bilirik ki, bir neçə gün öncə il mərasimində olub və s. Buna görə də hər bir Marneuli sakini böyük risk altındadır, çünki biz kiçik bələdiyyədə yaşayırıq”, – Zaur Darğallı bildirdi.

Marneuli meri təəssüflə bildirdi ki, Marneulidə yaranmış vəziyyətə hələ də ciddi yanaşmayan vətəndaşlar var və şəhər və kəndlərdə kütləvi toplaşma halları tez-tez baş verir.

“Dünən, srağagün çox hərəkət vardı, dəfn, il, qırx mərasimləri vardı. Biz maksimum şəkildə məhdudlaşdırsaq da, vətəndaşların yüksək məsuliyyət nümayiş etdirməsi çox vacibdir”, – Zaur Darğallı bildirdi.

Xatırladırıq ki, “Geo Hospitals”-ın Marneulidəki klinikasında bir nəfərdə koronavirus aşkarlanıb.

18 mart tarixindən bələdiyyə ərazisində bütün növ ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

“Marneuli” radiosu

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər