Fermerlər üçün koronavirusdan daha pis təhlükə – məhsulun xarab olması
Saimerlo kəndinin kənd təsərrüfatı sahələrində karantin hiss olunmur. Əhali səhərdən torpaqda çalışır. Bəzisi əkir, bəzisi isə üzümlərə qulluq edir. Yalnız ailə üzvləri çalışırlar, ona görə də məsafə saxlamaq problemi yoxdur. Saimerlo sakinlərini karantindən çox yeni koronavirusa görə yaranmış reallığın onların məhsul yetişdirib-satmasına necə təsir edəcəyi narahat edir.

Marneuli əhalisinin əksəriyyəti ailəsini məhz kənd təsərrüfatı işləri ilə saxlayır. Meyvə və tərəvəz əkirlər, üzümləri var. Saimerlo sakinləri deyirlər ki, məhz bu dövrdə müəyyən kimyəvi maddələrdən istifadə etmək lazımdır və bunu etməsələr, məhsul xarab ola bilər.

“Baxaq bundan sonra nə olacaq. Bildiyimə görə, indi yalnız ərzaq mağazaları çalışır, amma kənd əhalisi üçün məhsula görə kimyəvi maddələrin satıldığı mağazaların açılması olduqca vacibdir. Hökumət pulsuz paylamayacaqsa, heç olmasa mağazaları açsınlar və hansısa güzəşt etsinlər ki, əhalinin məhsulu xarab olmasın”
– üzümlükdə övladı ilə çalışan Zviad Şubitidze deyir.

İndiki mərhələdə üzüm yox, amma artıq çiçək açan meyvə ağaclarını dərmanlamaq mütləq lazımdır.

“Korona böhranı heç nədir, siz böhranı sonra görün, bu qədər məhsul yetişməzsə və xarab olarsa, böhran və aclıq sonra başlayacaq”.

Saimerloda düşünürlər ki, hökumət kənd təsərrüfatını indiki mərhələdə prioritet istiqamət olaraq müəyyən etməlidir. Çünki dünyada yaranmış vəziyyətə görə ola bilsin Gürcüstana məhsul idxalı zəifləsin.

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr Xidmətinin nümayəndəsi “Marneuli” radiosuna bildirir ki, bələdiyyədə olan kənd təsərrüfatı mağazaları çalışır. Əhaliyə kimyəvi dərmanlar almaqla bağlı güzəşt etmək məsələsi isə indiki mərhələdə nazirlikdə müzakirə olunmur. Ancaq hadisələrə uyğun olaraq hansısa proqramın əlavə olunacağı istisna deyil.

Marneuli meri Zaur Darğallı deyir ki, bələdiyyədə kənd təsərrüfatı işləri dayandırılmayıb, problem yaranmayıb və gələcəkdə də məhsulun satılmasına problem olmayacaq.

Qeyd edək ki, 23 mart tarixindən Marneuli karantin rejiminə keçib. Kənddə əhali evdən yalnız torpaq sahəsində çalışmaq üçün çıxır. “Birja” boşdur. Səhər saat 6-dan becərməyə başladıqları məhsul onların yeganə mövcud olma mənbəyidir.

Print Email
FaceBook Twitter Google