Bu gün, 30 mart tarixində səhər saatlarından Marneuli
meriyasının qarşısında izdiham yaranıb.
Marneuli bələdiyyəsinin müxtəlif kəndlərində yaşayan sakinlər
meriyanın qarşısına toplaşıb və müxtəlif ehtiyacları ilə bağlı
kömək tələb ediblər.
Sakinlərin əksəriyyətinin etirazına Marneulidə yaranmış iqtisadi
vəziyyət səbəb olub. Onlar deyirlər ki, kəndlərdə ərzaqların
qiyməti qalxıb, onların isə almaq üçün kifayət qədər pulu
yoxdur.
“Bizi virus deyil, aclıq öldürəcək”, –
meriyanın qarşısına gəlmiş qadın deyir.
Marneuli meri “Marneuli” radiosuna bildirdi ki, bələdiyyədə məlumat
yayılıb ki, Marneuli meriyası tərəfindən verilən yardım hamıya
paylanacaq, lakin bu məlumat həqiqətə uyğun deyil.
“Bələdiyyə miqyasında kimə yardım olunacağı ilə bağlı
siyahılarımız var. İndi İtaliyalı merlər kimi emosional şəkildə
xalqı evlərində qalmağa, evdən çıxmamağa çağırıram”,
– Zaur Darğallı dedi.
Marneuli meri sakinləri evlərinə getməyə çağırdı və bildirdi ki,
kənd icra nümayəndələri, Bələdiyyə Məclisinin deputatları onların
problemləri ilə maraqlanacaq.
Marneuli merinin müavini Laşa Lobjanidze “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, bələdiyyədə məlumatlandırma kampaniyası
aktiv şəkildə davam edir və meriya çalışır ki, bütün Marneuli
miqyasında hərtərəfli məlumat yaysın.
Marneuli meriyası qarşısında izdiham xəbərdarlığa baxmayaraq,
dağılmayıb, bununla belə toplaşanlar bir-biri ilə məsafə saxlamağa
çalışıb.