İnsan Hüquqlarının Araşdırılması və Monitorinqi Mərkəzi (EMC)
Marneuli və Bolnisi bələdiyyələrinin ərazisində Daxili İşlər
Nazirliyinin əməkdaşları tərəfindən vətəndaşların cərimələnməsi
prosesində aşkarlanan özbaşınalıq faktlarına münasibət bildirib.
EMC tərəfindən hazırlanmış materialda qeyd olunub ki, onların
yazdığı izahat-açıqlamada və eləcə də mətbuata verilən
müsahibələrdə vətəndaşlar qeyd edir ki, DİN-nin nümayəndələri
tərəfindən cərimələrin yazılması əsassız və özbaşına şəkildə
olub.
“Məsələn, Şulaveri kənd sakini M.N-nın açıqlamasına
görə, o, fövqəladə vəziyyəti pozmayıb və kənddə olan mağazalardan
birinə ərzaq almaq üçün gedib. Bu zaman polis ona 3000 lari cərimə
yazıb. M.N.-nın bildirdiyinə görə, o, qoca anası və azyaşlı qardaşı
ilə birgə yaşayır. Anası xroniki xəstədir və 28 mart tarixində
vəziyyəti pisləşdiyinə görə təcili yardım çağırıb, sonra isə ailə
üzvləri üçün yemək hazırlayıb və mağazaya çörək almağa gedib. Onun
dediyinə görə, mağazaya gedəndə görüb ki, sahibi orada deyil və
mağaza sahibi gələnə kimi orada dayanıb, onunla bərabər iki nəfər
həmkəndlisi də ərzaq almaq üçün dayanıbmış. M.N.-nın sözlərinə
görə, dörd nəfər polis əməkdaşı gəlib və ondan polis şöbəsinə
getməyi tələb ediblər. M.N. bildirir ki, polis əməkdaşları onun
mağazadan çörək almaq üçün getdiyini, evdə xəstə anası və azyaşlı
qardaşının gözləməsini qeyd etməsinə əhəmiyyət verməyiblər. Onun
sözlərinə görə, əməkdaşlardan biri verdiyi açıqlamaya cavab olaraq
“nə almaq istədiyin məni heç maraqlandırmır, ailə üzvlərin daş
yesinlər” deyib və söyüş söyüb.” EMC-nın bəyanatında,
qeyd olunub ki, Şulaveri polis şöbəsində onun iki həmkəndlisini də
cərimələyiblər.
İnsan Hüquqlarının Araşdırılması və Monitorinqi Mərkəzi yazır ki,
M.N.-nın açıqlamasına görə, o, polis əməkdaşına deyib ki, gürcü
dilində yazıb oxumaq bilmir, ona görə tərtib olunan protokolla
tanış ola bilməyəcək, ancaq polis əməkdaşları onu başa düşəcəyi
dilə tərcümə ilə təmin etməyiblər.
Təşkilat Marneulidə yaranmış ağır sosial vəziyyətdən də söhbət açıb
və qeyd edib ki, bələdiyyədə indiyə kimi də sosial infrastruktur,
xidmətlər və resurslar zəif idi, karantin elan olunduqdan və
hərəkət məhdudlaşdırıldıqdan sonra bələdiyyədə yaşayan əhalinin
şəraiti daha da pisləşib.
“Ağır sosial şərtlər altında yaşayan yerli əhali üçün
onsuz da dövlət qurumları ilə müvafiq ünsiyyət çətindir. Karantin
rejiminin qaydaları və şərtləri haqqında onların başa düşəcəyi
dildə məlumat vermənin dövlət tərəfindən yalnız zorakı yanaşmadan
istifadə olunaraq və bəzi hallarda özbaşınalıq iddiaları sosial və
hüquqi dövlət prinsiplərinə ziddir”, – EMC yazır.
İnsan Hüquqlarının Araşdırılması və Monitorinqi Mərkəzi hesab edir
ki, DİN Marneuli və Bolnisi bələdiyyələrində karantin zamanı
vətəndaşların öhdəliyi və hüquqları haqqında başa düşdükləri dildə
məlumat kampaniyaları keçirməlidir.
EMC Daxili İşlər Nazirliyini polis əməkdaşları tərəfindən səhv
addımlara yol verilməsi hallarını araşdırmağa və müvafiq hüquqi
reaksiya göstərməyə, polis əməkdaşları tərəfindən qeyri-etik
davranışların və nifrət dilindən istifadə hallarının qarşısının
alınmasını təmin etməyə çağırıb. Gürcüstan hökumət və Marneuli
meriyasını isə fövqəladə vəziyyətə görə işləyə bilməyən və gündəlik
gəlirindən qalan ailələrin və vətəndaşların sosial və humanitar
ehtiyaclarını nəzərə almağa və onları ədalətli və davamlı sosial
proqramlarla təmin etməyə çağırıb.