EMC Marneulidə fövqəladə vəziyyət zamanı əhalinin cərimə olunmasına münasibət bildirib
İnsan Hüquqlarının Araşdırılması və Monitorinqi Mərkəzi (EMC) Marneuli və Bolnisi bələdiyyələrinin ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən vətəndaşların cərimələnməsi prosesində aşkarlanan özbaşınalıq faktlarına münasibət bildirib.

EMC tərəfindən hazırlanmış materialda qeyd olunub ki, onların yazdığı izahat-açıqlamada və eləcə də mətbuata verilən müsahibələrdə vətəndaşlar qeyd edir ki, DİN-nin nümayəndələri tərəfindən cərimələrin yazılması əsassız və özbaşına şəkildə olub.

“Məsələn, Şulaveri kənd sakini M.N-nın açıqlamasına görə, o, fövqəladə vəziyyəti pozmayıb və kənddə olan mağazalardan birinə ərzaq almaq üçün gedib. Bu zaman polis ona 3000 lari cərimə yazıb. M.N.-nın bildirdiyinə görə, o, qoca anası və azyaşlı qardaşı ilə birgə yaşayır. Anası xroniki xəstədir və 28 mart tarixində vəziyyəti pisləşdiyinə görə təcili yardım çağırıb, sonra isə ailə üzvləri üçün yemək hazırlayıb və mağazaya çörək almağa gedib. Onun dediyinə görə, mağazaya gedəndə görüb ki, sahibi orada deyil və mağaza sahibi gələnə kimi orada dayanıb, onunla bərabər iki nəfər həmkəndlisi də ərzaq almaq üçün dayanıbmış. M.N.-nın sözlərinə görə, dörd nəfər polis əməkdaşı gəlib və ondan polis şöbəsinə getməyi tələb ediblər. M.N. bildirir ki, polis əməkdaşları onun mağazadan çörək almaq üçün getdiyini, evdə xəstə anası və azyaşlı qardaşının gözləməsini qeyd etməsinə əhəmiyyət verməyiblər. Onun sözlərinə görə, əməkdaşlardan biri verdiyi açıqlamaya cavab olaraq “nə almaq istədiyin məni heç maraqlandırmır, ailə üzvlərin daş yesinlər” deyib və söyüş söyüb.” EMC-nın bəyanatında, qeyd olunub ki, Şulaveri polis şöbəsində onun iki həmkəndlisini də cərimələyiblər.

İnsan Hüquqlarının Araşdırılması və Monitorinqi Mərkəzi yazır ki, M.N.-nın açıqlamasına görə, o, polis əməkdaşına deyib ki, gürcü dilində yazıb oxumaq bilmir, ona görə tərtib olunan protokolla tanış ola bilməyəcək, ancaq polis əməkdaşları onu başa düşəcəyi dilə tərcümə ilə təmin etməyiblər.

Təşkilat Marneulidə yaranmış ağır sosial vəziyyətdən də söhbət açıb və qeyd edib ki, bələdiyyədə indiyə kimi də sosial infrastruktur, xidmətlər və resurslar zəif idi, karantin elan olunduqdan və hərəkət məhdudlaşdırıldıqdan sonra bələdiyyədə yaşayan əhalinin şəraiti daha da pisləşib.

“Ağır sosial şərtlər altında yaşayan yerli əhali üçün onsuz da dövlət qurumları ilə müvafiq ünsiyyət çətindir. Karantin rejiminin qaydaları və şərtləri haqqında onların başa düşəcəyi dildə məlumat vermənin dövlət tərəfindən yalnız zorakı yanaşmadan istifadə olunaraq və bəzi hallarda özbaşınalıq iddiaları sosial və hüquqi dövlət prinsiplərinə ziddir”, – EMC yazır.

İnsan Hüquqlarının Araşdırılması və Monitorinqi Mərkəzi hesab edir ki, DİN Marneuli və Bolnisi bələdiyyələrində karantin zamanı vətəndaşların öhdəliyi və hüquqları haqqında başa düşdükləri dildə məlumat kampaniyaları keçirməlidir.

EMC Daxili İşlər Nazirliyini polis əməkdaşları tərəfindən səhv addımlara yol verilməsi hallarını araşdırmağa və müvafiq hüquqi reaksiya göstərməyə, polis əməkdaşları tərəfindən qeyri-etik davranışların və nifrət dilindən istifadə hallarının qarşısının alınmasını təmin etməyə çağırıb. Gürcüstan hökumət və Marneuli meriyasını isə fövqəladə vəziyyətə görə işləyə bilməyən və gündəlik gəlirindən qalan ailələrin və vətəndaşların sosial və humanitar ehtiyaclarını nəzərə almağa və onları ədalətli və davamlı sosial proqramlarla təmin etməyə çağırıb.

"Marneuli" Radiosu
Print