Meriya bağça uşaqlarının 60 günlük ərzaqlarını onların ailələrinə verəcək
Marneuli bələdiyyəsinin qərarı ilə qida
məhsullarını bağça uşaqlarının evlərinə aparacaqlar.
Bu barədə məlumatı Marneuli meri Zaur Darğallı 4 aprel tarixində
baş tutan brifinqdə verib və qeyd edib ki, uşaq bağçalarında
uşaqlar üçün nəzərdə tutulmuş məhsullar körpələrin ailəsinə
veriləcək.
“Sosial statusundan asılı olmayaraq bütün uşaqlar Marneuli Uşaq
Bağçaları Birliyi tərəfindən qida məhsulları alacaq. Məhsulların
paylanmasına gələn həftədən başlanılacaq.
Zaur Darğallının sözlərinə görə, söhbət 60 günlük qida
məhsullarından gedir ki bunun üçün də özünüidarə 130 000 lari
ayırıb. Bələdiyyə miqyasında 2016 uşaq qeydiyyatdadır. Qeyd etmək
lazımdır ki, 27 mart tarixində “Marneuli” radiosuna bildirmişdilər
ki, Marneuli Bələdiyyəsinin Uşaq Bağçaları Birliyi tətil vaxtında
uşaqları qida məhsulları ilə təmin edə bilməyəcək.
Uşaq bağçalarında təhsil prosesi Qurumlararası Koordinasiya Şurası
tərəfindən koronavirusa görə 4 mart tarixində dayandırılıb. 21 mart
tarixində isə Gürcüstanda fövqəladə vəziyyət elan edilib.
Marneuli və Bolnisi Bələdiyyələrində 23 mart tarixində ciddi
rejimli karantin elan edilib. Hökumət bu qərarı Marneulili qadında
yeni koronavirus aşkarlandıqdan sonra qəbul edib.