Meriya bağça uşaqlarının 60 günlük ərzaqlarını onların ailələrinə verəcək
Marneuli bələdiyyəsinin qərarı ilə qida məhsullarını bağça uşaqlarının evlərinə aparacaqlar.
Bu barədə məlumatı Marneuli meri Zaur Darğallı 4 aprel tarixində baş tutan brifinqdə verib və qeyd edib ki, uşaq bağçalarında uşaqlar üçün nəzərdə tutulmuş məhsullar körpələrin ailəsinə veriləcək.

“Sosial statusundan asılı olmayaraq bütün uşaqlar Marneuli Uşaq Bağçaları Birliyi tərəfindən qida məhsulları alacaq. Məhsulların paylanmasına gələn həftədən başlanılacaq.

Zaur Darğallının sözlərinə görə, söhbət 60 günlük qida məhsullarından gedir ki bunun üçün də özünüidarə 130 000 lari ayırıb. Bələdiyyə miqyasında 2016 uşaq qeydiyyatdadır. Qeyd etmək lazımdır ki, 27 mart tarixində “Marneuli” radiosuna bildirmişdilər ki, Marneuli Bələdiyyəsinin Uşaq Bağçaları Birliyi tətil vaxtında uşaqları qida məhsulları ilə təmin edə bilməyəcək.

Uşaq bağçalarında təhsil prosesi Qurumlararası Koordinasiya Şurası tərəfindən koronavirusa görə 4 mart tarixində dayandırılıb. 21 mart tarixində isə Gürcüstanda fövqəladə vəziyyət elan edilib.

Marneuli və Bolnisi Bələdiyyələrində 23 mart tarixində ciddi rejimli karantin elan edilib. Hökumət bu qərarı Marneulili qadında yeni koronavirus aşkarlandıqdan sonra qəbul edib.



Print