Marneuliyə Jibe ilə yanaşı digər distributor şirkətləri də daxil oldular
Marneuli bələdiyyəsində distribusiya şirkətlərinin sayı artıb.
Bu barədə Marneulinin majoritar deputatı Tamaz Naveriani məlumat verib. Naverianinin sözlərinə görə, Marneulili fermerlərin indiki mərhələdə məhsul satmaqla bağlı problemləri yoxdur.

“Artıq çox şirkətlər, həmçinin, “Maqnit”, səhv etmirəmsə “Goodwill” də rayona gəlib. Başqa müxtəlif şirkətlər yenə var, indi dəqiq yadıma düşmür. Hamı lazım olan norma və tövsiyələri nəzərə alaraq sərbəst şəkildə məhsulunu sata bilər. Siz bütün ölkədə vəziyyətin necə olduğunu bilirsiniz. Buradan irəli gələrək indiyə qədər olduğu kimi ola bilməzdi, bunun üçün hər şeyin qaydasına düşməsi lazımdır və bu sahə artıq çox yaxşı qaydaya salındı. Marneuli bazarı da tam normalara riayət etməklə açıldı. Əhalinin bu problemi qismən də olsa həll olunub.”

Tamaz Naveriani bildirib ki, indi məhsulun yetişməsinin ən aktiv mövsümünə hazırlaşırlar və Gürcüstanın Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi bu prosesə fəal qoşulub.

“Dünən ixracatçılar gəlmişdilər. Müxtəlif məhsullarla bağlı bazarı araşdırdılar, soyuducu sistemini göstərdik. Azərbaycan şirkəti düzəldib və orada məhsulun saxlanma şəraiti ilə onları tanış etdik. İxracatçılara tam vəziyyəti göstərdik. Marneulidə indi məhsulun pik mövsümü başlayır və buna hazır olmalıyıq. Bacardığmız bütün tədbirləri həyata keçirdik.”

Marneulinin majoritar deputatı Tamaz Naverianinin sözlərinə görə, Marneulidən təxminən 500 tona yaxın xiyar aparılıb. Bundan əlavə bələdiyyədən satış üçün kələm, brokoli, kartof, soğan və başqa ərzaqlar aparılıb. Onun sözlərinə görə, əhali qiymətlərdən razıdır.

“Marneuli” radiosu indiki mərhələdə bələdiyyəyə neçə şirkətin gəldiyini Marneuli Bələdiyyə Sədrinin müavini Mamuka Naveriani ilə səhərdən aydınlaşdırmağa çalışır. Ancaq o, hələ də zənglərimizə cavab vermir.

Marneulinin yeddi kəndinin əhalisi 22 aprel tarixində Şulaverinin mərkəzində etiraz aksiyası keçirib. Aksiya iştirakçıları fövqəladə vəziyyətlə bağlı tətbiq edilmiş qadağalara etiraz ediblər.

Onlar yaranmış vəziyyətə görə məhsullarını sata bilmirdilər. Fermerlər etiraz əlaməti olaraq kənd təsərrüfatı məhsullarını yerə töküblər və yolu bağlayıblar. Fermerlər bağladıqları yolu hakimiyyətdən məhsulun satışı ilə bağlı vəd aldıqdan sonra açıblar.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər