Həmrəylik Platforması Zaza Abaşidzenin istefasını tələb edir
Fərqli etnik və dini qrupların fəallarını bir araya gətirən “Həmrəylik Platforması” açıq irqçi açıqlamasına görə Zaza Abaşidzenin Milli Əlyazmalar Mərkəzindən uzaqlaşdırılmasını tələb edir. Zaza Abaşidze yazdığı senzuradan kənar sözlərə görə 4 may tarixində üzr istəyib, lakin ayrı-seçkilik ittihamını rədd edib.

Həmrəylik Platforması Milli Əlyazmalar Mərkəzinin direktoru Zaza Abaşidzenin ksenofobiya xarakterli açıqlamasına münasibət bildirib və Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirini onu vəzifəsindən uzaqlaşdırmağa çağırır.

“Zaza Abaşidze 2 may tarixində “Facebook”-da Bolnisinin Dəllər kəndində baş vermiş hadisələri şərh edərkən Gürcüstanın azərbaycanlı icmasına qarşı "kəndi bağlayıb öldürmək lazımdır" ifadələrini işlədib. Dövlət məmuru tərəfindən ictimai məkanda belə nifrət dilindən istifadə olunması yolverilməzdir və ictimaiyyətdə ksenofobiya xarakterli və irqçi münasibətlərin yaranmasına xidmət edir. Kvemo Kartli bələdiyyələrinin inzibati sərhədlərinin bağlanmasından sonra Gürcüstanın azərbaycanlı icması bir daha nifrət dili obyektinə çevrildi, dövlət məmuru tərəfindən belə bəyanatların verilməsi Gürcüstanın azərbaycanlı icmasına qarşı irqçi əhval-ruhiyyəni daha da qızışdırır və ədalətli, bərabərhüquqlu və inkluziv cəmiyyət quruculuğu və inteqrasiya prosesinə mane olur.

Yüksək səviyyəli siyasi məmurların bu cür açıqlamalara münasibət bildirməsi və cəmiyyətdə bərabərlik və həmrəylik ideyasını açıq şəkildə dəstəkləməsi çox mühümdür. Əks təqdirdə, hökumətin susqunluğu irqçilik və ksenofobiyaya dözümlülük kimi qəbul edilə bilər və bu, dominant olmayan etnik qruplara zərərli təsir göstərəcəkdir.

"İnanırıq ki, dominant olmayan etnik və dini qruplara qarşı bu cür bəyanatların artmasının və yayılmasının qarşısını almaq üçün hökumət müvafiq cavab verməli və Zaza Abaşidzeni dərhal vəzifəsindən azad etməlidir. Bununla bərabər Zaza Abaşidze irqçi ifadələrinə görə açıq şəkildə üzr istəməlidir."

Həmrəylik Platforması fərqli etnik və dini qruplara məxsus fəalları özündə birləşdirir və fərqli sosial qruplar arasında dialoq, həmrəylik və dominant olmayan qrupların ehtiyaclarını, narahatlıqlarını və perspektivlərini siyasi gündəmə gətirmək məqsədi daşıyır",
– deyə açıqlamada qeyd olunub.
Print Email
FaceBook Twitter Google