Zaur Darğallının seçilməsindən bir il ötür - merin qiymətləndirməsi

Bir il əvvəl məhz bu gün, 19 may tarixində Marneulidə növbədənkənar seçkilər keçirildi. Səs çoxluğunu iqtidar partiyasının namizədi Zaur Darğallı qazandı.

O, 2019-cu il 10 iyun tarixindən öz səlahiyyətlərinin icrasına başlayıb. “Marneuli” radiosu seçkilərdən düz bir il sonra merlə müsahibə yazıb. Biz ondan, bir il ərzində Marneulidə olan problemlərdən və nailiyyətlərdən danışmasını xahiş etdik. Mer əsas problem olaraq içməli su və yol infrastrukturunu qeyd etdi.

“Algeti kəndində 13 kilometrlik su sisteminin qurulması əhəmiyyətlidir. Bu bizim verdiyimiz vəd idi və artıq layihə həyata keçirilir. Eləcə də yol olmayan kəndlərdə asfalt qatının çəkilməsi vacib idi. İndi altı kənddə bu istiqamətdə işlər aparılır və mənim məqsədim mərkəzi yolların məsələsini başa vurmaqdır. Sosial və gənclər paketinin gücləndirilməsi, əhalinin büdcənin qəbul edilmə prosesində iştirakı olduqca əhəmiyyətli idi. Həmçinin, fiziki imkanları məhdud şəxslər üçün yeni proqramımız var və bu istiqamətlər gücləndirildir. Ancaq pandemiyaya görə dayandırılmışdı. Amma bu proqramlar qəbul olunub və həyata keçirilir”, – Zaur Darğallı deyir.

Marneuli meri əsas məsələlərdən biri olaraq əhali ilə açıqlıq və səmimiliyini, fəal ünsiyyətini qeyd edir.

“Mən vəd vermişdim ki, hər gün Marneulilərlə birgə olacağam və bu vəd də yerinə yetirildi. Hər bir Marneuli sakini üçün dost kimi, Marneulili kimiyəm. Vətəndaş və məmur arasında heç bir baryer yoxdur. Bilmirəm nə dərəcədə məlumatlısınız, ancaq demək olar ki, bütün Marneulilərdə mənim telefon nömrəm var. Əsas odur ki, bu güclü ünsiyyətdir”, – Zaur Darğallı deyir.

Zaur Darğallı əhaliyə tibbi baxımdan yardım olunmasını vacib məsələ hesab edir və vəd verir ki, 2021-ci ilə qədər seçki vədlərinin hamısını yerinə yetirəcək.

“Mənim üçün bir Marneulili kimi vacib olan odur ki, merliyim başa çatdıqdan sonra Marneulidə qaldıqda əhali qarşısında təmiz olum və deyə bilim ki, əhaliyə verdiyim bütün vədlər yerinə yetirildi”, – Zaur Darğallı deyir.

Seçki qabağı çox vədlər verildi, onlara qeyri-gürcü dilli əhali üçün bələdiyyədə baş verən hadisələrin əlçatanlığı və meriyanın fəaliyyətinə qoşulmaq məqsədi ilə Marneuli meriyasında xüsusi xidmətin yaradılması, uşaq bağçaları və idman meydançalarının tikintisi, kəndlərdə daxili yolların, küçələrin işıqlandırılmasının və içməli su və.s problemlərin həlli də yer alırdı. Zaur Darğallının 2021-ci ilin yerli özünüidarə seçkilərinə qədər təxminən il yarım vaxtı qalıb. Marneulilərin isə çox sayda ehtiyacı və yüksək gözləntiləri var.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər