Suvarma suyu, qaz və yol - İlməzli kəndinin həll olunmayan problemləri (FOTO/VİDEO)
Marneulinin İlməzli kəndinin sakinləri kənddə təbii qazın, suvarma suyunun və kəndin daxili yolunun olmamasından şikayətlənirlər.
Sakinlərin sözlərinə görə, onların əsas tələbi təbii qazın çəkilməsi və suvarma suyu probleminin həll olunmasıdır. İllərdir ki, kənddə təbii qaz olmadığından əhali odun sobasından, elektrik qızdırıcılarından, bəziləri isə qaz balonlarından istifadə edirlər.

İlməzlilər deyir ki, qaz balonunu qurtaranda hər dəfə müəyyən problemlərlə qarşılaşırlar. Qaz balonunu doldurmaq üçün avtomobil çağırmalı olurlar, o da gəlmədiyi halda məcburi şəkildə müəyyən məsafə qət edərək Marneuliyə getməli olurlar. Elektrik enerjisindən istifadə etmək isə onlar üçün baha başa gəlir.

Qazın olmamasına görə, illərdir aidiyyəti orqanlara müraciət etdiklərini deyən əhali bildirdilər ki, onların müraciətlərinə baxan yoxdur. Hər seçkidə onlara söz verirlər ki, bu il qaz çəkiləcək, amma bu günə qədər kənddə təbii qaz çəkilməyib.



İlməzli kəndində yaşayan 60 yaşlı Mirzalı Mehdiyyev deyir ki, bu günə qədər kənddə təbii qaz olmayıb. O, ümid edir ki, nə vaxtsa onların kəndinə də qaz çəkiləcək.



Sakinləri suvarma suyu problemi də narahat edir. 20 ildən artıqdır ki, kənddə suvarma suyu yoxdur. Əhali deyir ki, suvarma suyu olmadığına görə, onlar becərdikləri məhsulları kran suyundan istifadə edərək suvarmağa məcburdurlar. Sakinlər onu da bildirdilər ki, kran suyuna xlor qatıldığı üçün məhsullarını həmin su ilə suvardıqları zaman torpaqları soranlaşır.



Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna verilən məlumata görə, kəndə qaz xəttinin çəkilməsi yaxın gələcəkdə planlaşdırılır. “Socar” şirkəti artlq İlməzli kəndinə qaz çəkmək üçün icazə alıb. İşlər güman ki, tezliklə başlayacaq.

Meriyadan bildirdilər ki, 2019-cu ildə yerli və mərkəzi büdcədən İlməzliyə gedən yolun çəkilməsi işləri həyata keçirildi, kəndin daxili yollarının çəkilməsi üçün 2020-ci ilin büdcəsində pul ayrılmayıb.

Marneulinin Melorasiya Xidmətinin nümayəndəsi Aleksandre Şukakidze “Marneuli” radiosuna bildirdi ki, İlməzli kəndində heç vaxt suvarma suyu olmayıb və nə zaman olacağını bilmir.




Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google