Bu gün, 25 sentyabr tarixində Marneuli bələdiyyəsində koronavirusla
bağlı götürülmüş 22 analizin cavabı məlum olacaq.
Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, analizlər dünən,
24 sentyabr tarixində Marneulinin “Aversi “klinikasında aşkarlanmış
virusa yoluxan şəxsin təmaslarından götürülüb.
23 sentyabr tarixində Şaumyani kəndinin qaçqınlar yaşayan
məntəqəsinin sakini orta yaşlı qadın
“Aversi” klinikasına
gətirilib. Onda koronavirus əlamətləri aşkarlanıb.
“Klinikanın daxili qaydasına görə, bütün xəstələrə
potensial virusa yoluxan xəstə kimi xidmət göstəririk. Ona görə də
bizim bütün əməkdaşlarımız xəstələrə müvafiq qaydada geyinərək
xidmət göstərirlər. Həmin xəstənin şikayətlərindən virusa yoluxması
ehtimal olunurdu. Ona görə də analiz götürdük və müsbət cavab
gəldi. Prosesə epidemioloqlar qoşulub. Təmasların
müəyyənləşdirilməsi prosesi aparılır. Xəstə virusa yoluxanlar üçün
nəzərdə tutulmuş klinikaya yerləşdiriləcək. Hazırda qapalı
palatadadır”, – Manana Kapanadze 24 sentyabr
tarixində bildirdi.
Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze
“Marneuli” radiosuna bildirdi ki, virusa yoluxan şəxsin ümumilikdə
22 təması olub.