Marneulidə koronavirusla bağlı götürülmüş 39 testin cavabı
məlumdur.
39 təmasın hamısı Şaumyanidə qaçqınların yaşadığı məntəqədə yoluxan
şəxslə bağlıdır. Mer səlahiyyətlərini icra edən Zaur Tabatadze
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, hazırda onların
bir qismi karantin zonasına aparılıb, bir qismi isə
özünütəcriddədir.
“Birinci gün 22 test, ikinci gün əlavə 17 test götürdük
və Luqar laboratoriyasına göndərdik. Bütün cavablar mənfidir. Qeyd
olunan yoluxma halı ilə bağlı bütün təmasları araşdırdıq. Bir qismi
karantin zonasına aparılıb, digər qismi isə İctimai Səhiyyə
Mərkəzinin nəzarəti altında özünütəcirddədir”, – Zaur
Tabatadze bildirib.
23 sentyabr tarixində Şaumyanidə qaçqınlar yaşayan məntəqənin
sakini, ortayaşlı qadın Marneulinin “Aversi” klinikasına
gətirilmişdi. Onda koronavirus əlamətləri qeydə alınmışdı.
“Klinikanın daxili qaydasına əsasən bütün xəstələrə potensial
virusa yoluxmuş şəxs kimi xidmət göstəririk. Ona görə də bizim
bütün əməkdaşlarımız xəstələrə xüsusi geyimdə xidmət göstərirlər.
Qeyd olunan xəstənin şikayətindən virusa yoluxması ilə bağlı
müvafiq şübhə var idi. Ona görə də analiz götürdük və müsbət cavab
gəldi”, – Manana Kapanadze 24 sentyabr tarixində
bildirmişdi.
Qeyd edək ki, 39 nəfər 12 gün ərzində özünütəcriddə və karantin
zonasında qalmalı olacaq.