“Amnesty International” təşkilatının mütəxəssisləri, Azərbaycan
silahlı qüvvələrinin Stepanakertə (Xankəndi) qarşı kaset
bombalarından istifadə etdiklərini bəyan edib.
“Bu həftə sonu, Dağlıq Qarabağın faktiki hökuməti, kaset
silahlardan istifadə olunduğunu əks etdirən görüntülər yayımladı.
Ayrıca Stepanakert (Xankəndi) və Şuşanın bombalanması nəticəsində
bir çox mülki vətəndaşın öldüyünü söylədilər”, – deyə beynəlxalq
təşkilat yazıb.
Təşkilatın bəyanatına görə, mütəxəssislərin fikrincə, Azərbaycan
qüvvələri Stepanakertə
qarşı İsrail istehsalı M095 DPICM kaset
bombasından istifadə edib.
"Kaset bombalarının istifadəsi, hər halda beynəlxalq
humanitar hüquqa görə qadağandır, bu mülki bölgələrə edilən
hücumlar üçün xüsusilə təhlükəlidir və çoxsaylı ölüm və yaralanma
ilə nəticələnir", – deyə "Amnesty"-nin Şərqi Avropa
və Orta Asiya rəhbəri Denis Krivoşeev qeyd edib.
“Amnesty International”-dan verilən məlumata görə, kaset bombası,
yüzlərlə kiçik mərmisinin geniş miqyaslı partlayış zamanı tək-tək
böyük sahəyə yayıldığına görə, mülki şəxslər üçün xüsusilə
təhlükəlidir. Bununla birlikdə, bombaların 5-20%-i partlamır və bu
da yerlərində qaldıqda mülki vətəndaşlar üçün əlavə bir risk
yaradır.
"Güclənən döyüşlər fonunda mülki insanlar qorunmalı,
hədəf alınmamalı və istəmədən təhlükəyə məruz qalmamalıdır",
– “Amnesty International” 5 oktyabr tarixli
açıqlamasında bildirib.
Qarabağın De-fakto ombudsmanı Artak Beqlaryan “Twitter”-də
“Amnesty”-nin yazısından məmnun olduğunu yazıb.
Azərbaycan tərəfi isə hələ "Amnesty"-yə cavab verməyib.