Marneulinin “Geo Hospitals” klinikasının tibb bacısında koronavirus
təsdiqlənib.
Xəstəxananın kliniki direktoru Tata Şenqelaianın sözlərinə görə,
Covid-19-a yoluxmuş əməkdaş artıq müalicə üçün Tbilisiyə
aparılıb.
“Onun vəziyyəti stabildir. Biz, bütün əməkdaşlar
həftədə bir dəfə testdən keçirik, demək olar ki, hamısı mənfi
çıxır. Xəstələrlə bağlı da eynisini deyə bilərəm. Dünən bir nəfərdə
müsbət cavab çıxdı. Mənim şübhəm var ki, kənardan gəlib. Özü də
həmişə xüsusi geyimlə təchiz edilmiş vəziyyətdə olurdu. Bizimlə
yaxın təmasda da olmayıb. Hamı işləyir və eyni məkanda uzun müddət
birlikdə də olmayıblar. Deyə bilərəm ki, səliqəli əməkdaşlardan
biridir, bütün qaydalara riayət edirdi, niyə belə oldu mən də
təəccüblənirəm. Klinikanın daxili təmasları müəyyən edilib. İndiki
mərhələdə iki əməkdaş özünütəcriddədir.”
Yoluxan əməkdaş Tsereteli kəndindəndir. Tata Şenqelaianın sözlərinə
görə, indiki mərhələdə klinikanın bağlanmaq təhlükəsi yoxdur.