Baş nazirin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab
Abaşidze Gürcüstanın sülhməramlılardan ibarət kontingentin Dağlıq
Qarabağa daşınması üçün Rusiyaya hava sahəsi açdığını təsdiqləyib.
Abaşidzenin "Netgazeti"-yə verdiyi məlumata əsasəni, bu qərar
Azərbaycan və Ermənistanın istəyi ilə qəbul olunub.
“Gürcüstan tərəfi artıq Azərbaycan və Ermənistan
arasında əldə olunan atəşkəs razılığına cavab verib və bunun tam
miqyaslı münaqişələrin həlli prosesini asanlaşdıracağına ümid
etdiyini bildirdi. Gürcüstan dəfələrlə sülh prosesini asanlaşdırmaq
üçün beynəlxalq ictimaiyyətlə birlikdə kömək etməyə hazır olduğunu
bildirmişdi. Gürcüstanın rolu və sülhməramlı kontingentin
maddi-texniki təchizatında iştirakımıza gəldikdə, bu müddətdə qərar
sülh konfiqurasiyasına və milli maraqlara əsaslanaraq
veriləcəkdir.
Bu mərhələdə, məsələnin aktuallığını müəyyənləşdirmək və sülhün
bərqərar olması üçün həm Azərbaycan, həm də Ermənistanın istəyi
ilə, istisna olaraq, Rusiya sülhməramlı kontingentinin bir hissəsi
Gürcüstan hava sahəsindən istifadə edərək münaqişə bölgəsinə
köçürüləcəkdir," - deyə Abaşidze qeyd edib.
Abaşidze, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən bəri
Gürcüstanın hava sahəsinin Rusiya hərbi təyyarələrinə ilk dəfə
açıldığını təsdiqləyib. Onun sözlərinə görə, uçuşlar "müəyyən bir
müddət" davam edəcək.
Məsələ ilə bağlı ilk öncə "Flightradar24" məlumatlarının analizinə
əsaslanan "sova.news" agentliyi Gürcüstanın Rusiya Hava Qüvvələrinə
aid təyyarələrə hava sahəsini açdığını bildirib.
Xatırladaq ki, Ermənistan, Azərbaycan və Rusiya arasında rus
sülhməramlılarının münaqişə bölgəsinə yerləşdirilməsini nəzərdə
tutan Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 9
maddəlik bir müqavilə imzalanmışdır. Razılığa əsasən, 90 silahlı
nəqliyyat vasitəsi, 380 digər növ avtomobil və digər xüsusi texnika
ilə 1960 sülhməramlı qüvvələr Laçın dəhlizində yerləşəcəkdir. Onlar
ən azı 5 il orada qalacaqlar, lakin daha uzun müddət qalma
ehtimalları da var.
Rus qüvvələrinin Qarabağda yerləşdirilməsi müqavilə imzalandıqdan
dərhal sonra, 10 noyabrda başlayıb.