"Biz heç kimin Gürcüstan vətəndaşlarının hüquqlarını
hər hansı bir şəkildə məhdudlaşdırmasına icazə verməyəcəyik, eyni
zamanda, qanunsuz hərəkətlərlə kiminsə vətəndaşlarımız arasında
dini zəmində qarşıdurma yaratmasına da icazə
verməyəcəyik",
– Gürcüstanın Baş naziri Qiorqi Qaxaria hökumətin iclasından əvvəl
Buknaridəki hadisəyə münasibət bildirib.
Baş nazirin sözlərinə görə, Daxili İşlər Nazirliyinə “əhali
arasında qarşıdurma yaratmağa cəhd edilən yerdə” ən sərt tədbirləri
tətbiq etmək təlimatı verilib.
"Dini müxtəliflik bizim tarixi həqiqətimizdir, bu bizim
sərvətimizdir. Əsrlər boyu dövlətimizi bu şəkildə qurmuşuq və
hamımız anlamalıyıq ki, Gürcüstan hökuməti hər bir vətəndaşın
konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarının təminatçısı olub və
olacaq, biz heç kimin hüquqlarının məhdudlaşdırılmasına icazə
verməyəcəyik, eləcə də qanunsuz hərəkətlərlə vətəndaşlarımız
arasında dini zəmində hər hansısa qarşıdurma yaradılmasına imkan
verməyəcəyik. Daxili İşlər Nazirliyinə təlimat verilib ki, dini
zəmində xalqımız arasında qarşıdurmanı təşviq etmək və ya təhrik
etmək cəhdi olan yerdə hökumət və Daxili İşlər Nazirliyi ən sərt
tədbirləri tətbiq etsinlər", – deyə Baş nazir
bildirib.
Xatırladırıq ki, müsəlman icmasının üzvləri müsəlman ibadətgahında
namaz qılmağa icazə verilməsini istəyirlər. Yerli xristian əhali
buna qarşı çıxır. Buknari kəndində müsəlman və xristian icmalarının
üzvləri arasındakı qarşıdurma evlərdən birinin ibadətgah kimi
istifadə olunması ilə əlaqələndirilir.