"Avropalı Gürcüstanda" nə baş verir?
"Avropalı Gürcüstanda" partiya rəsmilərinə də təsir edə biləcək struktur dəyişiklikləri planlaşdırılır.

"Avropalı Gürcüstan"-ın lideri Davit Bakradzenin sözlərinə görə, partiya hələ də gələcək planları və struktur dəyişikliklərini müzakirə edir.

"Bütün digər canlı orqanizmlər kimi, siyasi partiyanın da daim yenilənməsinə ehtiyac var. Bu gün ictimai əhval-ruhiyyə çox aydındır - yalnız "Avropalı Gürcüstan" deyil, bütün müxalifət spektri yeni baxış və dəyişikliklər gözləyir. Hazırda "Avropalı Gürcüstan" da müzakirələr gedir, bu səbəbdən bu gün şəxsi və ya kadr qərarları ilə bağlı heç bir qərarı açıqlaya bilmərəm", - deyə Bakradze bildirib.

Onun sözlərinə görə, partiyadaxili dəyişikliklər nə olursa olsun, partiyanın ümumi müxalifət mübarizəsi və parlamentin boykot məsələsinə təsir göstərməyəcək.

Bakradzenin sözlərinə görə, ictimaiyyət yaxın üç gündə şəxsi qərarlar və partiya daxilində baş verən konkret bölüşdürmələrdən xəbərdar olacaq.

On.ge-nin fevralın 9-da partiyanın planlaşdırılan dəyişiklikləri və Davit Bakradzenin "Avropalı Gürcüstan"-dan mümkün gedişi barədə verdiyi məlumatdan sonra partiyanın mətbuat xidməti Davit Bakradzenin açıqlamasını yayımlayıb. Eyni zamanda, "TV Pirveli"-nin verdiyi məlumata görə, bir neçə gün əvvəl Qiqi Uqulava Ukraynaya səfəri zamanı keçmiş prezident Mixail Saakaşvili ilə görüşüb və bu, partiyadakı mübahisələrin səbəblərindən biri olub.

"Netgazeti" Qiqi Uqulava ilə əlaqə qurmağa çalışıb, ancaq o, zənglərə və mesajlara cavab verməyib. "Avropalı Gürcüstanın" digər liderləri Uqulavanın bu səfərinin şəxsi olduğunu və siyasi olmadığını və partiya içində mübahisələrə səbəb olmadığını söyləyirlər.

“Qiqi xaricdə idi, ölkədən getməsi ilə bağlı bəzi qarışıqlıqlar yarandı. Bütün qanunları və məntiqləri pozaraq onun xaricə çıxmasını qadağan edirdilər. Bu onun şəxsi səfəri idi, siyasətlə heç bir əlaqəsi yox idi. Kimlə və necə görüşdüyünü Qiqidən soruşmalısınız, amma mən görüşmələrində də heç bir problem görmürəm", - deyə Levan Tarxnişvili "Netgazeti"-yə bildirib.

Serqi Kapanadze də partiyadakı mübahisələri rədd edib.

"Uqulava ilə Saakaşvili arasındakı görüş haqqında məlumatım yoxdur və bunun baş verdiyini düşünmürəm, amma partiyada bu səbəbdən heç bir mübahisə olmayıb", - deyə Kapanadze bildirib.

Partiya sədrinin dəyişdirilməsi məsələsinin gündəmdə olub-olmadığı ilə bağlı suala cavab olaraq Serqi Kapanadze struktur dəyişikliklərinin olacağını və konkret bir mövqedən danışılacağını söyləyib.

Parlament seçkilərindən sonra Elene Xoştariya artıq "Avropalı Gürcüstanı"-nı tərk edib.

“Hər seçkidən sonra bütün partiyalar baş verənləri təhlil edir ki, nə alındı, nə alınmadı və s. Eyni şey bu seçkilərdən sonra "Avropalı Gürcüstanda" da baş verir. Üstəlik, bu seçki nəticəsində tamamilə fərqli bir reallığa sahib olduq və siyasi ağırlıq mərkəzi parlamentdən kənarlaşdı. Bu yeni reallıq partiyanın həll etməli olduğu yeni çətinliklər yaradıb", - deyə Levan Tarxnişvili bildirib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google