Seçkilərlə əvəz edilmiş peyvənd kampaniyası
Əhali ilə keçirilmiş geniş miqyaslı 27 görüş, 15 baner, broşürlar və televiziya reklamları “Gürcü Arzusu”-nun Marneulidə seçkiqabağı kampaniyasının statistikasıdır. Bələdiyyədə peyvənd başlayan gündən 2 baner və 17 oktyabrdan 25 oktyabr tarixinə qədər olan dövrdə 404 nəfər peyvənd olunmuş şəxs – bu isə koronavirusa qarşı peyvənd prosesinin nəticəsidir. Yerli İctimai Səhiyyə Xidməti Marneulidə peyvənd vurduranların dəqiq sayı barədə bizə məlumat vermir. Hakim partiya 19 avqust tarixindən, bələdiyyədə seçkiqabağı görüşlərin keçirilməsinə başlamışdı. Mer vəzifəsinə namizəd, bütün inzibati vahidliklərə getdi, əhalini majoritar deputatlığa namizədlərlə tanış etdi, onların problemlərini dinlədi və mer seçiləcəyi təqdirdə problemləri həll edəcəyinə dair vəd də verdi. Meriya əməkdaşları peyvəndlə bağlı neçə kəndə gediblər, yaxud neçə yerdə vətəndaşların mütəxəssislərlə görüşünü təşkil ediblər, bu barədə rəsmi statistika yoxdur. Hakimiyyətin seçkilərə, vətəndaşların peyvənd olunmanın mütləq olmasına inanması üçün hansı güc və resurs xərclədiyini araşdırmağa çalışdıq. Bu vətəndaşların yaşamı və sağlamlığı ilə bağlı konstitusiya hüququnu təmin edir.

Marneulidə peyvəndlə əlaqədar sonuncu, məlumatlandırıcı kampaniya 16 avqust tarixində keçirilib. O zaman Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələlərində Dövlət Naziri Aparatının əməkdaşları, Marneuli meriyasının köməyi ilə kəndlərdə məlumat broşürları paylamışdılar. Əsas məqsəd peyvəndə çağırış və əhalini koronavirusdan qorunmaq mexanizmləri ilə tanış etmək idi. Nazir Tea Axvlediani Tsopi kəndində yerli əhali ilə görüşərək onlara məlumat broşüru ilə yanaşı tibbi maskalar vermişdi. Bu görüşlə də peyvəndlə bağlı məlumat vermə prosesi başa çatdı. Mer nümayəndələrinə verilmiş həmin məlumat broşürları isə kəndlərin əksəriyyətində yaşayan sıravi vətəndaşlara gedib çatmayıb. Onların əksəriyyəti ya inzibati binada, çayxanada yaxud da kəndin “birjasında” qalıb.
Dövlət naziri Tea Axvlediani isə iddia edir ki, Barışıq və Vətəndaş Bərabərliyi Məsələlərində Dövlət Naziri Aparatı, xüsusilə də əhalinin dövlət dilində danışa bilmədiyi yerlərdə, koronavirusa qarşı peyvənd barədə məlumat yayılması prosesinə fəal şəkildə qoşulub.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi şəhərə, əhalini peyvəndə çağıran iki baneri, cari ilin iyun ayında yerləşdirib.

“Bələdiyyə “Alma” MMC ilə bağladığı müqavilə əsasında banerləri quraşdırıb ki, əhali ümumi peyvənd barədə banerdən məlumat əldə etsin. Bundan əlavə, Barışıq və İnteqrasiya Nazirliyi ilə razılaşma əsasında, onlardan peyvəndlə bağlı gürcü, Azərbaycan və erməni dillərində flayerlər aldıq. Flayer əhali nəyi bilməlidir və koronavirus hallarının sayını necə azalda bilərik kimi məsələlərə aiddir. Bizim əməkdaşlarımız həmin flayerləri kəndlərdə payladılar”- Marneuli mer səlahiyyətlərini icra edən Zaur Tabatadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi.

Zaur Tabatadzenin sözlərinə görə, o, və meriyanın digər əməkdaşları peyvənd barədə əhalinin məlumatlandırılmasında “Marneuli” televiziyasının efirindən fəal şəkildə yararlanırlar.
Doğrudur, Marneuli mer səlahiyyətlərini icra edən şəxs iddia edir ki, bələdiyyədə koronavirusa qarşı kampaniya fəal şəkildə aparılır və seçkiqabağı dövrdə də aparılırdı, ancaq, nəticə tam başqa şey göstərir. İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bələdiyyədə koronavirusa qarşı peyvəndlərin sayı hiss olunacaq dərəcədə azalıb və gündəlik, təxminən, 60-70 adama qədər enib. İyun-avqust dövründə isə gündə 200-ə yaxın adam peyvənd vurdururdu.


“Gürcü Arzusu”-nun seçkiqabağı kampaniyasının peyvəndlə bağlı kampaniyadan fərqli nəticələri var. Kənd-kənd gəzmək və bələdiyyədə yerləşdirilmiş 20 baner nəticəsini verdi, hakim komandanın namizədi Kənan Ömərov Marneuli bələdiyyəsinin meri oldu. Əhalinin 68,12% ona etimadını bildirdi.

{{AUDIO}}

Audit Xidmətinin Siyasi Maliyyə Monitorinqi Departamenti 2021-ci ilin yerli özünüidarə seçkilərində partiyalar tərəfindən xərclənmiş dəyərin hesabatını yayımlayıb. Sənədə əsasən, Marneuli şəhərində “Gürcü Arzusu”-nun namizədi Kənan Ömərovun doqquz baneri yerləşdirilib. Partiya bunun üçün 5 434 lari ödəyib. Real olaraq bələdiyyədə hakim partiya və onun namizədinin banerləri “Alma” və “Baza” MMC-nin 15 konstruksiyasında yeləşdirilmişdi. Bu isə hesabatda təsvir edilməyib. Səbəb odur ki, altı reklamın dəyərini mer vəzifəsinə namizəd, merin keçmiş müavini və Resurs Mərkəzin keçmiş rəhbəri Ömərov özü ödəyib. Qalan reklam çarxlarının dəyəri isə partiya büdcəsindən ödənilib. Kvadrat metrin qiyməti konstruksiyanın yerinə və şirkətə görə fərqlidir , 30 laridən 42 lariyə qədər dəyişir. Əgər bu göstəriciləri koronavirusa qarşı peyvənd kampaniyası çərçivəsində yerləşdirilmiş banerlərlə müqayisə etsək, belə vəziyyət əldə edərik:


Belə çıxır ki, meriya Marneuli bələdiyyəsində peyvəndə çağırış üçün yeddi dəfə az baner yerləşdirib. Sosial reklam ona heç nəyə başa gəlib. Bunun büdcəyə əlavə xərc olmadığı halda belə, yerli özünüidarə əhalinin daha çox məlumatlandırılmasının və peyvənd prosesinə qoşulmasının qayğısına qalmayıb.

Kənan Ömərovun rəsmi “Facebook” səhifəsində 27 paylaşım edilib. Paylaşımlarda müxtəlif kəndlərdə seçkiqabağı görüşlər təsvir olunub. Namizədlə 27 kənddə geniş miqyaslı görüşə kənd əhalisi toplaşıb. Əksəriyyət maska taxıb, ancaq sosial məsafə heç yerdə qorunmayıb. Ömərov bələdiyyənin qalan 57 kəndini qapı-qapı prinsipi ilə gəzib. Seçkiqabağı hakimiyyət partiyasının nümayəndələri Marneulinin bütün kəndlərinə gediblər. Bələdiyyədəki səyyar peyvənd məntəqəsi barədə eynisini deyə bilmərik. Belə avtobus musiqi festivalı “One Caucasusun” rəhbərlərinin təşkilatçılığı ilə Marneulinin yalnız beş kəndində olub. Nəticədə 197 adam peyvənd vurdurub. Hakimiyyətin peyvənd kampaniyası çərçivəsində gördüyü yeganə iş, 20 oktyabr tarixində, müvəqqəti olaraq, 4 günlük, iki məntəqədə peyvənd məntəqəsinin açılması olub. Tsereteli və Tamarisi kəndləri onsuz da Marneulidən 10 dəqiqəlik məsafədə yerləşir. Məsələn, Kirəç-Muğanlı kimi, kəndə getmək üçün bir neçə saat vaxt lazım olan yerlərdə indiyə qədər peyvənd məntəqəsi açılmayıb və açılması hələ planlaşdırılmır.


Seçkiqabağı “Gürcü Arzusu” Marneuli televiziyasının ümumi vaxtını 7600 lariyə alıb. Hakim partiya bələdiyyədə 14 qərargahın sahəsinin icarə haqqına 6 750 lari xərcləyib.

Marneulili mülki fəal Samirə Bayramova bildirir ki, siyasi subyektlər, xüsusilə də hakim partiya seçkiqabağı dövrdə koronavirus peyvəndi kampaniyasını tamamilə unudub. Samirənin fikrinə görə, Marneulidə real nəticə verəcək peyvənd kampaniyasına hələ başlanılmayıb.

“Yerli özünüidarənin, meriya və eləcə də Bələdiyyə Məclisinin öz deputatları, merin nümayəndələri vasitəsilə, kəndlərdə bir çox mövzularda məlumat kampaniyası keçirmək imkanı var. Ancaq, göründüyü kimi, bu istiqamətdə ümumiyyətlə fəal deyillər. Biz seçkiqabağı dövrdə (Marneuli bələdiyyəsində deyil) peyvəndlə bağlı banerin sökülməsinin və əvəzində “Gürcü Arzusu”-nun namizədinin banerinin asılmasının şahidi olduq. Ümumiyyətlə, broşürlar da paylanmayıb. Yalnız media hansısa məlumat verə bilərdi, bu isə kifayət deyil”.

Samirə Bayramova iddia edir ki, yerli özünüidarə üzvləri və vəzifəlilərin bir qismi heç peyvənd də vurdurmur, nə də məlumatlandırma kampaniyasının keçirilməsini vacib hesab etmirlər.

“Demək olar ki, ötən illə müqayisədə, bu il seçkiqabağı proses də çox fəal deyildi. Ancaq ölkədə epidemiya olmasına və dövlət məmurlarının əhalini bir yerə toplanmaqdan çəkinməyə çağırmasına baxmayaraq, biz görürük ki, seçkiqabağı kampaniyaya çox sayda adam qoşulub, onlar qaydalara əməl etmirdilər. Məsafə, maska yox idi və ümumiyyətlə, bu risklər barədə düşünmürdülər. Onlara əsas o idi ki, görüşdə çox adam olsun. Əhali partiyanın seçkiqabağı görüşlərinə “Gürcü Arzusu” və yüksək vəzifəlilərin tələbi ilə gedib. Əksər hallarda isə əhali dövlətdən, peyvəndin vurulması barədə tələb gözləyir. Seçkilər bizə göstərdi ki, dövlət və hakim partiya əhalinin yanına gedə və onlara məlumat verə bilər. Ancaq, eyni zamanda görürük ki, partiya bunu etmir.”

Mülki İştirak və Aktivizm Mərkəzinin rəhbəri Rəşan Ziyadəliyev Samirə Bayramovanın fikri ilə razılaşır. O, düşünür ki, Marneulidə, peyvənd kampaniyasının keçirlməsinə bələdiyyə kifayət qədər resurs sərf etmir. O, qeyd edir ki, “Gürcü Arzusu”-nun seçkiqabağı görüşlərində Marneulidən onlarla və yüzlərlə adam iştirak edirdi. Ancaq, orada peyvəndin vacibliyindən danışmırdılar”.

“Geniş miqyaslı görüşlərin keçirilməsi faktı, Marneulidə epidemioloji proseslərə böyük təsir göstərir. Çünki biz bilirik ki, Marneulidə koronaviursa qarşı peyvəndlə əlaqədar çox sayda yanlış məlumatlar yayımlanıb. Bu vəziyyətdə müxtəlif partiyalar, əsasən də “Gürcü Arzusu” onlarla adamın iştirak etdiyi əhali ilə görüşlərə gedir. Görüşlərdə nə məsafə saxlanılır nə də maska taxılır. Bu, əlbəttə, əhalinin ümumi əhvalına və virusun yayımlanmasına böyük təsir göstərir. Biz Marneuli şəhərində və kəndlərdə “Gürcü Arzusu”-nun banerlərini görürdük. Ancaq, peyvəndlə əlaqədar biz artıq aylardır yalnız bir neçə baner görürük.”

Ziyadəliyev bildirir ki, mərkəzi hakimiyyət və yerli özünüidarə əhaliyə, xüsusilə də qeyri-gürcü dilli vətəndaşlara peyvənd barədə ətraflı məlumat çatdırmağa çalışmalıdır.

“Məsələn, “Gürcü Arzusu”-nun Sadaxlıda 200-ə yaxın adamla görüşü keçirildi. Görüş bir saat yarım davam etdi. Bu vaxt ərzində peyvənd barədə danışmağa maksimum bir dəqiqə vaxt ayırardılar. “Gürcü Arzusu” bu görüşlərdə əhalinin sağlamlığı barədə deyil, yalnız və yalnız qələbə barədə düşünürdü.”

Yerli özünüidarə və mərkəzi hakimiyyət koronavirus pandemiyasını seçkilərdən sonra xatırladılar. 20 oktyabr tarixində, Marneuli bələdiyyəsində iki əlavə məntəqə açıldı. Onlardan birində, Tsereteli kəndində Marneuli meri səlahiyyətlərini icra edən Zaur Tabatadze “Sinofarmın” birinci dozası ilə peyvənd olundu. Tamarisi və Tseretelinin peyvənd kabinetlərində ümumilikdə, 38 adam peyvənd vurdurub. 2014-cü ilin siyahısına görə, hər iki yerdə 3590 vətəndaş yaşayır.

“Dövlət Audit Xidmətinin göstəricilərinə görə, “Gürcü Arzusu” seçkiqabağı banerlərə, plakat və Marneulidə seçkiqabağı kampaniyaya 20 000 laridən artıq pul xərcləyib. Qalib mer 27 oktyabr tarixindən səlahiyyətlərinin icrasına başlayacaq. Beşinci dalğa fonunda o, çox sayda yerli problemlə yanaşı, pandemiya ilə də mübarizə aparmalı olacaq. Yeni merin peyvənd prosesini daha da fəal etmək üçün hansı planlarının olması bizə məlum deyil. Çünki Ömərov “Marneuli” radiosunun zənglərinə cavab vermir. Indiki mərhələdə, mer səlahiyyətlərini icra edən şəxsin və yerli İctimai Səhiyyə Mərkəzinin rəhbərinin məlumatına görə yaxın gələcəkdə, Sadaxlı kəndində də bir neçə günlük peyvənd məntəqəsi açılacaq. Stopgov.ge-nin 18 oktyabr tarixinə olan göstəricilərinə görə, Gürcüstanda koronavirusdan 9565 nəfər peyvənd olunmamış, 23 nəfər peyvənd olunmuş adam dünyasını dəyişib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər