Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili aclıq aksiyasını
dayandırır.
O, bu barədə bu gün, martın 10-da saat 2:37-də Facebook səhifəsində
yazıb. Saakaşvilinin yazdığına görə, o, 20 gündür aclıq aksiyası
keçirir.
“Hadisələr illər əvvəl proqnozlaşdırdığım kimi cərəyan
edir. Rusiya imperiyası mənim sevimli şəhərim Kiyevin kənarında
ömrünün son dövrünü yaşayır. Ali Baş Komandan Vladimir Zelenskinin
rəhbərlik etdiyi qəhrəman Ukrayna xalqı bu epoxal müharibədə qalib
gəlir.
Dünya gözümüzün qabağında dəyişir. Kiyev Gürcüstan üçün yeni
Konstantinopoldur və indi də azad dünyanın paytaxtıdır və o,
şübhəsiz ki, davam edəcəkdir.
Bu vəziyyətdə bizə heç vaxt olmadığı kimi birlik və hazırlıq
lazımdır. Həqiqət anı gələndə mənim üçün Suxuminin sülh yolu ilə
qayıtması yolu Kiyevdən keçir, Gürcüstanın azadlığı və çiçəklənməsi
Kiyevdən keçir.
İndi zəifləmək yox, güc toplamaq lazımdır ki, bu da tezliklə bizim
üçün çox faydalı olacaq. Bu mənə də aiddir.
Mən 2014-cü ildən Ukraynanı müdafiə edən, çox fəxr etdiyim və
dostluq etdiyim gürcü döyüşçülərindən məktub aldım. Məndən aclığı
dayandırmağı və mümkün qədər tez tam qüvvə ilə mübarizəyə
qoşulmağımı xahiş edirlər. Eyni xahiş mənim daimi əlaqədə olduğum
Ukrayna Ali Komandanlığının nümayəndələrindən də gəlir.
Ona görə də 20-ci gün aclıq aksiyasını dayandıracağam. İndi bizə
sağlam düşüncə, sağlamlıq və tam səfərbərlik, zəiflik əvəzinə güc
lazımdır. Biz qələbəni tam hazırlıqla
qarşılamalıyıq", - Saakaşvili yazıb.
Aclıq aksiyası bitməzdən əvvəl Radanın deputatı Liza Yasko
Gürcüstan prezidenti Salome Zurabişviliyə və Gürcüstan hökumətinə
müraciət edib. Yasko Gürcüstandan Saakaşvilini Ukraynaya qaytarmağı
xahiş edir.
“Onun yeri həqiqətən Ukrayna xalqının yanındadır. Və bu
döyüşdə biz onun üçün çox darıxırıq”, – Liza İasko
Facebook-da yazıb.