Marneuli meriyası Ukraynaya ikinci dəfə humanitar yardım göndərib
Marneuli yerli özünüidarəsi Ukraynaya ikinci dəfə humanitar yardım göndərib. Marneuli meriyası tərəfindən yayımlanmış məlumatda qeyd olunub ki, Ukrayna xalqına dəstək olmaq üçün humanitar yardımın göndərilməsinin ikinci mərhələsi Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təşəbbüsü ilə həyata keçirilib.

“Baş nazirin qərarı ilə Ukrayna xalqına dəstək olmaq üçün Marneuli meriyasından ikinci dəfə humanitar yardım göndərilir. Qeyd edək ki, Novruz bayramından qənaət edilmiş pulla humanitar yardım alınıb. Marneuli bələdiyyəsi bir daha Ukrayna xalqı ilə həmrəyliyini elan edir”, - Marneuli meri Kənan Ömərov meriyanın yayımladığı məlumatda bildirib.

Marneuli meriyası Ukraynaya göndərilmiş humanitar yardımı Novruz bayramından qənaət edilmiş pulla alıb. İndiki mərhələdə Marneuli meriyasından dəqiq neçə lari dəyərində humanitar yardım alındığını “Marneuli” radiosuna dəqiq bildirmirlər. Ancaq qeyd edirlər ki, humanitar kampaniyaya yerli özünüidarə əməkdaşları da qoşulub.

“İkinci mərhələdə Gürcüstan miqyasında 120 ton yardım toplanıb, buradan 90 ton regionlardan verilib. Yardım əsasən tibbi ləvazimatlar, tez xarab olmayan məhsullar və ilkin tələbat əşyalarıdır.

İndiki mərhələdə Tbilisidə, Gürcüstan poçt terminalına Şərqi Gürcüstan regionlarından toplanmış yük gətirilib və yardım yük maşınlarına yerləşdiriləcək, quru yolla müvafiq prosedurlardan keçdikdən sonra Ukraynaya göndəriləcək”,
- Marneuli meriyasının məlumatında deyilir.

Marneuli meriyası birinci humanitar yardımı Ukraynaya 2 mart tarixində göndərib. Bir neçə gündə bələdiyyə Alqı-Satqı Agentliyinin səhifəsinə bir neçə sadələşdirilmiş müqavilə yerləşdirdi və onlara əsasən, Ukraynaya göndərilmiş ilk humanitar yardıma meriya 20 000 lari xərcləyib.

Print Email
FaceBook Twitter Google