Tanımırıq, onların bunu etməyə haqqı yoxdur - Ned Prays Tsxinvalidəki referendumda
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price bildirib ki, Birləşmiş Ştatlar hökuməti “Rusiya və ya onun marionetlərinin Gürcüstanın suveren ərazisini bölmək cəhdini” tanımır.

Martın 31-də Dövlət Departamentinin brifinqində jurnalist Davit Nikuradzenin bu ərazinin Rusiyaya birləşdirilməsinə dair faktiki hökumət tərəfindən təşkil olunmuş referendumla bağlı Dövlət Departamentinin mövqeyinin necə olduğu sualına Prays bildirib ki, ABŞ Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğalını pisləyir.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Rusiyanı işğala son qoymağa və “2008-ci il atəşkəs sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməyə”, xüsusən də qoşunları 2008-ci ildə münaqişədən əvvəlki mövqelərə çıxarmağa çağırır.

“Nə qondarma hökumətin, nə də Rusiya hökumətinin Cənubi Osetiyanın gələcəyi ilə bağlı qərar qəbul etmək hüququ yoxdur. Bu, Gürcüstanın ayrılmaz hissəsidir. Biz Rusiyanın və ya onun marionetlərinin Gürcüstanın suveren ərazisini bölmək cəhdlərinin nəticəsini tanımırıq”.

İşğal olunmuş Cənubi Osetiyanın qondarma prezidenti Anatoli Bibilov yaxın vaxtlarda Cənubi Osetiyanın Rusiya Federasiyasına daxil olması üçün hüquqi tədbirlər görəcəyini bildirib. Onun sözlərinə görə, artıq Rusiya Federasiyası ilə məsləhətləşmələr aparılır.
Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani bəyan edir ki, Gürcüstan ərazisinin işğalı fonunda hər hansı referendumdan danışılması yolverilməzdir.

Kremlin sözçüsü Dmitri Peskov Moskvanın Cənubi Osetiyanın Rusiya Federasiyasına daxil olmasına icazə vermək üçün heç bir hüquqi və ya digər tədbir görmədiyini, lakin Cənubi Osetiya xalqının seçiminə hörmət etdiyini bildirib.

“Mən [qoşulma və referendumla bağlı] heç bir mövqe bildirə bilmərəm. Biz bununla bağlı heç bir hüquqi və ya başqa addım atmayacağıq, lakin eyni zamanda, bu halda söhbət Cənubi Osetiya xalqının fikrini ifadə etməkdən gedir və buna hörmətlə yanaşırıq”,
– Peskov jurnalistlərə deyib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google