Tsalka bələdiyyəsinin Qumbati kənd ictimai məktəbinin müəllimi İra
Dzirkvadze Milli Müəllim Mükafatının onluğundadır.
O, beş ildir Tsalkada gürcü dili və ədəbiyyatı, ingilis dilini
tədris edir. Müəllimi milli mükafata bu il həmkarı təqdim edib.
Xeyli düşündükdən sonra isə müraciət formasını doldurub. İra
Dzirkvadze üçün onluqda üzv olmaq böyük məsuliyyət və
motivasiyadır.
“Onluğa düşmək gözlənilməz idi. Çünki həmişə düşünürdüm
ki, kiçik təcrübəm var və müraciəti doldurmağa cəsarət etmirdim.
Ötən il də təqdim olunmuşdum, ancaq müraciət formasını doldurmadım,
bu il də çox düşündüm. Onluğa üzv olmaq məsuliyyət deməkdir, eləcə
də öz fəaliyyətimə daha inamla davam edə biləcəyəm”,
– İra Dzirkvadze bildirdi.
Milli Müəllim Mükafatı Təhsil Koalisiyasının, Elm və Təhsil
Nazirliyinin, Müəllimlərin Peşəkar İnkişaf Milli Mərkəzinin
arasında bağlanmış memorandum əsasında 2017-ci ilin 13 mayında
təsis edilib. Qeyd olunan təşəbbüs Gürcüstanda artıq 6-cı dəfədir
həyata keçirilir. O müəllimlərin populyarlaşdırılmasına
istiqamətlənmiş qlobal kampaniyanın – „The Global Teacher Prize“
bir hissəsidir.
Həmin müsabiqədə Marneulili pedaqoqlar dəfələrlə uğurla iştirak
ediblər. 2018-ci ildə Marneulinin 2 və 5 saylı məktəbinin müəllimi
Temur Suğaşvili Milli Müəllim Mükafatının ilk onluğunda yer
almışdı. 2019-cu ildə Marneuli 2 saylı ictimai məktəbinin müəllimi
Qiorqi Çauçidze Milli Müəllim Mükafatının sahibi olub. 2021-ci ildə
isə Maradisi ictimai məktəbinin müəllimi Lamara Bolkvadze ilk
beşliyə düşüb.
2022-ci ilin Milli Müəllim Mükafatının ilk beşliyi 5 sentyabr
tarixində müəyyən ediləcək. Onlardan biri 5 oktyabrda Beynəlxalq
Müəllim Günündə Milli Müəllim Mükafatının sahibi olacaq. Bundan
əlavə, ona pul mükafatı olaraq şirkətin baş sponsoru,
“Qudavadze-Patarkatsişvili” Fondundan 15 000 lari veriləcək.
Onluğun digər üzvlərini isə Liberty Bank mükafatlandıracaq.