ABŞ səfiri Kelli Deqnanın sözlərinə görə, Rusiya FSB-si yanlış
məlumat verir ki, guya kimsə Gürcüstanı müharibəyə cəlb etmək
istəyir. O, bu barədə bu gün, iyunun 30-da jurnalistlərə bildirib.
FSB Sovet DTK-nın oxşarı olan Rusiya Federal Təhlükəsizlik
Xidmətidir.
Deqnan bildirib ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Rusiyanın
Ukraynadakı genişmiqyaslı müharibəsinin mümkün qədər tez bitməsini
istəyir.
Deqnan bu dezinformasiya barədə NATO-nun Madrid sammitini
dəyərləndirərkən danışıb.
“Gürcüstan NATO üçün güclü tərəfdaşdır və bunu Madrid sammitinə
Gürcüstandan göndərilən böyük nümayəndə heyəti yaxşı nümayiş
etdirdi. Bu sammit Alyansın birliyinin daha bir nümayişidir,
xüsusən də Rusiyanın Ukraynaya qarşı amansız və əsassız təcavüzü
fonunda. Madrid Sammitində NATO-nun Avropa regionunda və onun
hüdudlarından kənarda sülh və sabitliyi təmin etmək məqsədi daşıyan
müdafiə təşkilatı olduğu bir daha təsdiqləndi.
Bu, Gürcüstan üçün Avro-Atlantik inteqrasiya üçün atılması lazım
olan addımlara və islahatlara yenidən baxmaq üçün yaxşı fürsət idi.
Bir çox islahatlar Aİ-yə namizəd statusu üçün tələblərə cavab
verir. Beləliklə, Aİ-yə namizəd statusu almaq üçün lazım olan
islahatların aparılması Gürcüstana NATO-ya inteqrasiya yolunda
kömək edəcək. NATO hərbi və siyasi alyansdır və ona görə də təkcə
hərbi hazırlıq deyil, həm də siyasi məsələlər çox vacibdir. Biz,
ABŞ olaraq Gürcüstana bu məsələdə irəliləyiş əldə etmək üçün yardım
etməyə davam etməyə hazırıq”, - deyə Deqnan
bildirib.
ABŞ səfirinin sözlərinə görə, ABŞ və Avropa İttifaqı son 30 ildə
Gürcüstanı dəstəklədiyi halda, Gürcüstan ərazisinin 20%-ni işğal
edən Rusiyadır.
“Müdafiə məsələsindən danışdığımız üçün mən bir daha Gürcüstanı
Rusiyaya qarşı müharibəyə cəlb etmək istəyən kimi davam edən məkrli
povestə toxunmaq istərdim. Bu, FSB təlimatından çıxarılan
dezinformasiyadır. Mən açıq şəkildə bildirmək istəyirəm ki, ABŞ
Gürcüstanı Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsinə cəlb
etmək istəmir. ABŞ bu müharibəni heç bir istiqamətdə genişləndirmək
istəmir. ABŞ müharibəni mümkün qədər tez bitirmək üçün əlindən
gələni edir. Bu müharibəni Putin başlayıb və o, bitirə bilər.
ABŞ və Avropa İttifaqı son 30 ildə Gürcüstanı xüsusilə
Avro-Atlantik arzularda irəliləyiş baxımından dəstəkləyir və biz
bundan sonra da dəstəkləyəcəyik. Məncə, gürcülər üçün Rusiyanın
Gürcüstan ərazisinin 20%-ni işğal etdiyini, Rusiyanın gürcü dilini
məhv etməyə çalışdığını, Rusiyanın gürcü kilsələrini təhqir
etdiyini, onlardan heyvan sığınacağı kimi istifadə etdiyini
xatırlamaq vacibdir. Əgər Rusiyanın Gürcüstanla dostluğunun nə
demək olduğu barədə sual yaranarsa, inzibati sərhədə gedib orada
baş verənlərə baxmaq kifayətdir. Gürcüstanın dostları Avropa və
Amerikadadır və bu yol sülh, sabitlik və firavanlıq
gətirir”, - deyə Kelli Deqnan bildirib.
Son vaxtlar “Gürcü Arzusu”nun nümayəndələri və onların tərəfdarları
Qərb dövlətlərinin Gürcüstanı müharibəyə cəlb etmək istədiyini
deyirlər. Onların arasında Aİ-yə namizəd statusu bu nəzəriyyənin
bir hissəsi kimi qəbul edilir.