Milli Demokratik İnstitutun (NDİ) yeni araşdırmasına görə, əhalinin
əksəriyyəti hesab edir ki, nə hakim partiya, nə də müxalifət ölkə
maraqlarından irəli gələrək hərəkət etmir.
Parlamentdə və yerli özünüidarə orqanlarında seçilmiş müxalifət
partiyaları xalqın, ölkənin maraqlarından irəli gələrək hərəkət
edir fikri ilə razılaşırsınızmı sualına sorğuda iştirak edənlərin
67% mənfi cavab verib.
Marneuli Bələdiyyə Məclisinin üzvü və Vahid
Milli Hərəkatın
Marneuli Rayon Təşkilatının rəhbəri Laşa Kveladze “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, sonuncu seçkilərdə səslərin
qorunmaması əhalinin etibarının azalmasına səbəb oldu.
“NDİ-ın araşdırmasında qeyd olunub ki, müxalifət
partiyalarına zəifləmiş etibarsızlıq sonuncu seçkilər zamanı bizim
səsləri qoruya bilməməyimizdən və əhalinin istəyini təmin edə
bilməməyimizdən irəli gəlir. Buna Gürcüstanın üçüncü prezidenti,
Vahid Milli Hərəkatın lideri, həmçinin, əhalinin əksər hissəsinin
ölkənin xilası ümidi ilə baxdığı adamın indiyə kimi rus oliqarxı
Bidzina İvanişvilinin siyasi əsirliyində qalması da əlavə olunur.
Biz, bütün müxalifət spektri bu adamı həbsxanadan çıxara bilmədik.
Məhz bu amillərə görə əhali etibarını itirdi və hamı emiqrasiyaya
gedirlər. Ancaq bu ümidsizlik tezliklə xeyirxahlıqla əvəz olunacaq.
Bizim hər bir vətəndaşımız kimi biz də hesab edirik ki, bu ölkənin
xilas yolu Mixeil Saakaşvilinin azadlığından keçir. Məhz gündəlik
rejimdə müxtəlif fəaliyyətlərlə bu məsələnin üzərində işləyirik və
tərəfdaş ölkələrlə işləməklə tezliklə oliqarxizasiya başa çatacaq.
Mixeil Saakaşvili də azad olunacaq, ölkədə də yenidənqurma dövrü
başlayacaq”, – Laşa Kveladze bildirir.
Kveladzenin sözlərinə görə, Vahid Milli Hərəkatın Marneuli Rayon
Təşkilatının nümayəndələri və Bələdiyyə Məclisinin üzvləri
Bələdiyyə Məclisinin iclasında dəfələrlə Marneuli üçün mühüm olan
məsələləri qaldırıblar, amma bu məsələlərə hakim partiya tərəfindən
diqqət göstərilməyib.
“Bildiyiniz kimi, yerli özünüidarə Gürcüstan
vətəndaşlarının yerli özünüidarə orqanları vasitəsi ilə, Gürcüstan
qanunvericiliyi çərçivəsində, yerli əhalinin maraqlarına uyğun
olaraq yerli əhəmiyyət daşıyan məsələlərə qərar vermək üçün hüquq
və imkanıdır. Məhz Bələdiyyə Məclisi iclaslarında Vahid Milli
Hərəkatın üzvləri tərəfindən bu məsələlər səsləndirildi. Ancaq
hakim komandanın üzvləri dinləmək istəmədilər və iclasın başa
çatdığını dedilər. Bu deməkdir ki, “Gürcü Arzusu”nu xalqın problemi
maraqlandırmır. Biz xalq tərəfindən seçilmişik və yenidən əhali ilə
ünsiyyət vasitəsi ilə onların problemlərini səsləndirməyə davam
edəcəyik. Eləcə də çox mühüm təşəbbüsümüz olacaq, Bələdiyyə Məclisi
iclaslarında səsləndiriləcək və qeyd olunan təşəbbüs bizim Marneuli
əhalisi üçün həyati əhəmiyyət daşıyır”.
Marneuli Bələdiyyə Məclisinin Vahid Milli Hərəkatdan olan daha bir
üzvü Nərgiz Əliyeva “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi
ki, Marneulinin yeni seçilmiş Bələdiyyə Məclisinin ilk iclası
Mixeil Saakaşvilinin həbsinə etirazla başlayıb. O, qeyd edir ki,
iclaslar ərzində bir neçə məsələni gündəliyə çıxarıb, amma həmin
məsələlər hələ də həll olunmayıb.
“Mənim irəli sürdüyüm məsələlərdən biri küçələrə ad
verilməsi ilə bağlı idi. Bələdiyyə Məclisində bunu yaxşı qəbul
etdilər, ancaq hələ də heç nə dəyişməyib. Daha bir məsələ eyvanları
uçmuş bina sakinlərinin problemləri ilə bağlı idi və mən təşəbbüslə
çıxış etdim ki, həmin bina təmir olunsun. Amma meriya və Bələdiyyə
Məclisi tərəfindən bu təşəbbüsə mənfi yanaşdılar. İl başlayandan 5
və ya 6 iclas keçirilib. Amma bundan əlavə əhali mənə müraciət edir
və elə məsələlər var, həllinə kömək edirəm. Müvafiq infrastruktur
problemləri var ki, mən onların həllində əhaliyə kömək etmişəm.
Buraya yollara asfalt qatının çəkilməsi, küçələrin abadlaşdırılması
və.s daxildir. Biz eləcə də Marneulidə kanalizasiya sistemi
layihəsi ilə bağlı da fəal işləyirdik. Deyə bilərəm ki, əhali ilə
gündəlik ünsiyyətim var. Bizim regionda çox problem var və həll
olunmur. Kiçik problemlər var, məsələn, küçələrlə bağlı. Bununla
bağlı “Energo-Pro” və ya “Su Təchizatı” şirkəti ilə əlaqə saxlamağa
çalışıram və bu yolla müəyyən problemləri həll
etmişik”.
Nərgiz Əliyevanın sözlərinə görə, Marneulidəki qlobal problemlərlə
bağlı müxalifət nümayəndələri nə qədər danışsalar, işləsələr də,
vəziyyət dəyişməz olaraq qalır. O, bildirir ki, hakimiyyət bu kimi
problemlərin həlli ilə maraqlanmır. Əliyevanın sözlərinə görə, onun
Bələdiyyə Məclisi iclaslarında qaldırdığı məsələlər üçün yeni çıxış
yolları axtarmaq lazım deyil və artıq həmin problemlərin necə həll
olunacağı məlumdur. Amma bunun üçün hakimiyyət icazə verməlidir .
Əksər hallarda isə buna nail olmaq mümkün olmur.
“Marenuli” radiosi eləcə də VMH-ın Bələdiyyə Məclisində daha bir
nümayəndəsi Marina Petrova ilə əlaqə saxladı. O, sağlamlıq
vəziyyəti ilə əlaqədar bizə indiki mərhələdə müsahibə verə
bilmədi.
“Marneuli Bələdiyyə Məclisində ümumilikdə 6 müxalifət deputatı var.
Onların altısı da Bələdiyyə Məclisinə Vahid Milli Hərəkatdan daxil
olub. Onlardan biri, Mehdi Əsgərov isə partiyanı tərk edib və
indiki mərhələdə Bələdiyyə Məclisində müstəqil deputat statusu
daşıyır. Mehdi Əsgərov “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, o, Bələdiyyə Məclisinin nə fraksiyasına, nə də
komissiyaya üzv deyil.
“Mən orada müstəqil deputatam. Yalnız iclaslara
gedirəm. Məsələlər var, ancaq hələ gündəliyə çıxarmamışam. Yəqin bu
məsələləri də çıxaracağıq. Hərdən əhali də mənə xahişlə müraciət
edir. Bu əsasən içməli su, yol, işıqlandırma və bu kimi məsələlərlə
bağlıdır. Mən isə bacardığım qədər kömək etməyə
çalışıram”, – Mehdi Əsgərov bildirdi.
Marneuli Bələdiyyə Məclisində ümumilikdə 29 deputat var. Onlardan 6
müxalifət partiyasının deputatlarıdır, 23 isə “Gürcü Arzusu”-nun
üzvüdür.
Müxalifətçi deputatların siyahısı belədir:
- Vahid Milli Hərəkat – Laşa Kveladze, Ramal Əhmədov,
Nərgiz Əliyeva, Davit Kimadze və Marina Petrova.
- Müstəqil deputat – Mehdi Əsgərov.
Qeyd edək ki, bizim müsahibə yazdığımız deputatlar əksər hallarda
problemlər barədə danışırlar. Onlar həmin problemlərin həlli
yolları ilə bağlı öz baxışlarını konkret qeyd etmirlər və
bildirirlər ki, problemlərin həll edilməməsi əksər hallarda siyasi
icazə olmadığına görə baş verir.