Etnik azərbaycanlı icmanın dini və ictimai təşkilatları, yerli
media və fəallar Gürcüstan Prezidentinə Nika Qvaramianın azad
edilməsi tələbi ilə müraciət ediblər.
Petisiyada qeyd olunub ki, son günlərdə azad media və ictimai
sektora məqsədyönlü hücumlar olunur. Hakimiyyət isə tənqidi mediaya
qarşı dözümsüzlük göstərir və əsassız səbəblərə görə, ictimaiyyət
qarşısında onların fəaliyyətini etibarsız göstərməyə çalışır.
“Biz, Gürcüstan vətəndaşları, regional media, ictimai
və dini nümayəndələr ölkə prezidenti Salome Zurabişviliyə müraciət
edirik. Biz Gürcüstanda müstəqil media və demokratiyanın inkişafı
üçün Nika Qvaramianın əfv edilməsini tələb edirik. Hesab edirik ki,
bu Gürcüstanda olan siyasi tənqidi aradan qaldırmaq üçün ən yaxşı
addım olacaq. Regionda fəaliyyət göstərən media və ictimai sektor
olaraq biz bu gün azad mediaya, tənqidçi şəxslərə və ictimai
sektora qarşı istiqamətlənmiş təxribata görə çox
narahatıq”, – petisiyada qeyd olunub.
Etnik azərbaycanlı icmanın dini və ictimai təşkilatların, yerli
media, mülki fəalların müraciətini olduğu kimi təqdim edirik:
"Təəssüf ki, son günlərdə azad media və ictimai sektora
qarşı məqsədli şəkildə hücumlar olur. Hakimiyyət tənqidçi mediaya
qarşı dözümsüzlük göstərərək qeyri-əsasız səbəblərlə onların
fəaliyyətinə cəmiyyət qarşısında etibarsızlıq yaratmağa çalışır.
Hal-hazırda daha çox hədəf Mtavari kanalıdır, bununla yanaşı başqa
media nümayəndələrinə qarşı da məqsədli kampaniya həyata keçirilir.
Bunun bariz nümunəsi 5-6 iyul hadisələrdir, həmin gün aldığı
xəsarətlərdən sonra operator həyatını itirdi və hələ də həmin gün
zərər çəkən media nümayəndələri qanun qarşısında bəraət
qazanmayıblar.
Bu ilin noyabr ayının 2-də Gürcüstan Apelyasiya Məhkəməsi müstəqil
media “Mtavari Kanalı”-nın təsisçisi Nika Qvaramianın həbsdə
qalmasına qərar verdi. İctimaiyyətə bəllidir ki, onun həbsi siyasi
motiv daşıyır, bununla bağlı yerli təşkilatlar və müəyyən qurumlar
Nikanın həbsini medianın fəaliyyətinə müdaxilə və məhdudlaşdırma
kimi qiymətləndirdilər. Diplomatik korpuslar məhkəmə qərarını
Avropa gələcəyini risk altına almaq kimi dəyərləndirirlər və media
azadlığını məhdudlaşdıran şeylərin demokratiyanı zəiflətməsi kimi
qeyd edirlər.
Gürcüstanda demokratik dəyərlərin formalaşmasında və şəffaflığın
artırılması istiqamətində azad medianın rolu danılmazdır. Ona görə
də onlara qarşı bu məqsədli təxribat dayandırılmalıdır. Eyni
zamanda son illərdə müstəqil medianın olması Gürcüstanda etnik
azlıqların inteqrasiya prosesinə və onların ölkədə baş verənlərə
yaxından qoşulmasına zəmin yaratdı. Regionun problemlərinin mərkəzi
mediada işıqlandırılması regionda müəyyən müsbət dəyişiklər
yaratdı.
Bununla yanaşı Avropaya inteqrasiya yoluna qədəm qoymuş ölkə kimi
Nika Qvaramiyanın həbsi və onun əsassız səbəblərlə həbsdə
saxlanılması tamamilə bu prosesə mane olan motivlərdən biridir, 12
maddəlik fəaliyyət planının əsas məqsədi azad media, müstəqil
məhkəmə və siyasi məhbusların azad olunmasıdır. Ona görə də hesab
edirik ki, Nika Qvaramiyanın azad olunması ən vacib məsələlərdən
biridir. Hazırda 12 maddə ilə bağlı biz müsbət dəyişiklik və
addımların atıldığını görmürük, bunlar daha çox səthi prosesə
bənzəyir və buna görə də hazırkı şərtlər altında Nikaya bəraət
qazandırmaq mümkün deyil.
Biz Gürcüstan vətəndaşları, regional media, ictimaiyyət
nümayəndələri ölkə prezidenti Salome Zurabişviliyə müraciət edərək
xahiş edirik ki, Gürcüstanda müstəqil medianın fəaliyyəti və
demokratiyanın inkişafı üçün Nika Qvaramiyanı əfv etsin. Hesab
edirik ki, bu addım hazırda Gürcüstanda siyasi böhranı aradan
qaldırmaq üçün ən yaxşı addım olacaq. Biz regionda fəaliyyət
göstərən media və ictimai sektor olaraq bu gün azad mediaya,
tənqidçi fərdlərə və ictimai sektora qarşı olan bu məqsədli
təxribatdan olduqca narahatıq", – müraciətin tam
mətinində deyilir.