Gürcüstanın Xalq artisti, tanınmış aktyor və müğənni Buba Kikabidze
85 yaşında vəfat edib.
Buba Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan
olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və
paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam
etdirib.
1959-cu ildə Tbilisi filarmoniyasına işə düzəlir, solist kimi
qastrollara gedir. Dostları ilə birlikdə əvvəlcə “Velo”,
sonra isə
“Orero” qrupunu yaradaraq gürcü, rus, italyan və ingilis dillərində
mahnılarla konsertlər verir. Onun kinodakı ilk debütü 1966-cı ildə
"Dağlarda görüş" filmindən başlayır.
Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə
Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə
görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.
Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də
şöhrət tapıb.
2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq "Veselo" Yumor və
Musiqi Festivalı çərçivəsində Buba Kikabidzenin solo konserti
keçirilib.
Gürcüstan SSR xalq artisti (1980), Ukraynanın əməkdar artisti
(2013), SSRİ Dövlət mükafatı (1978) və Gürcüstan Dövlət mükafatı
laureatı (2013) olan sənətçi 2020-ci ildən 7-ci çağırış Gürcüstan
parlamentinin fəal deputatı olub.