Meriya 5 nəfər Marneulili idmançıya pul mükafatı təqdim edəcək

Meriya 5 nəfər Marneulili idmançıya pul mükafatı təqdim edəcək.

Bu barədə Bələdiyyə Məclisinin 21 iyun tarixində baş tutan iclasında qərar qəbul edilib. Söhbət bu yaxınlarda xaricdə keçirilmiş yarışlarda uğurla mübarizə aparan idmançılardan gedir. Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze idmançıları əldə etdikləri uğura görə təbrik edib və bildirib ki, yerli özünüidarədən onların hər birinə 5000 lari veriləcək.

“İdman baxımından bu ay çox uğurlu oldu. Burada bizim idmançılarımız var. Onları qələbə münasibəti ilə təbrik etmək istəyirəm. Bu bizim üçün böyük uğurdur. Yerli özünüidarənin rəhbər şəxsləri cənab Kənanla birlikdə qərar qəbul etdik ki, idmançılarımızı pul mükafatı ilə həvəsləndirək və 5000 lari dəyərinə pul mükafatı verək”, – Amiran Qiorqadze bildirib.

Qiqla Tsipiani, Sandro İakobaşvili, Tamaz Boçoidze, Qiorqi Mirzoiani və Kote Kapanadze – bunlar meriyanın pul mükafatı verəcəyi idmançılardır. İdman Məktəbinin rəhbəri Mamuka Naveriani Bələdiyyə Məclisinin iclasında çıxışı zamanı hər bir idmançının uğuru barədə danışıb.

“Sloveniyada veteran cüdoçular arasında Avropa Çempionatı keçirildi. Bu yarışda cənab Qiqla Tsipiani və Sandro İakobaşvili uğurla mübarizə aparıb, çempion olublar. Onları təbrik edirəm. Praqada keçirilən Avropa açıq çempionatında bizim bələdiyyənin uğurlu tələbələrindən Kote Kapanadze cüdo üzrə uğurla çıxış edib və çempion olub. Eləcə də bilirsiniz ki, Moldovada qol güləşi üzrə Avropa çempionatı keçirildi. Bizim bələdiyyənin idmançısı Tamaz Boçoidze uğurla mübarizə apardı. O, qol güləşi üzrə Avropa çempionu oldu. Latviyada Avropa açıq birinciliyi keçirildi. Bizim idmançımız Qiorqi Mirzoiani burada iştirak etdi və çempion oldu. Mən bütün idmançılarımıza və onların məşqçilərinə minnətdarlığımı bildirirəm”.

Bələdiyyə Məclisinin 21 iyunda keçirilən iclasında gündəlikdə 9 məsələ nəzərdə tutulmuşdu. Deputatlar hər bir məsələ ilə bağlı müsbət qərar qəbul ediblər.

 

 

Print Email
FaceBook Twitter Google