Marneuli meriyası məktəb liqasında qalib gəlmiş 6 saylı ictimai
məktəb şagirdləri üçün idman geyimləri alacaq.
Məşqçi isə 1000 lari vəsaitlə mükafatlandırılacaq. Qeyd olunan
məlumat, Bələdiyyə Məclisinin bu gün, 29 iyun tarixində baş tutan
növbədənkənar iclasında məlum olub.
Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bildirib ki, turnir
mini futbol üzrə ictimai məktəblər arasında keçirilib və Kvemo
Kartli miqyasında Marneuli 6 saylı ictimai məktəbinin komandası
qələbə qazanıb.
“Məktəblər arasında futbol üzrə liqa keçirildi. Liqada
Marneuli 6 saylı ictimai məktəbinin şagirdləri iştirak edirdilər,
onlar uğur qazanıblar və çempion olublar. Mən bu qələbə münasibəti
ilə sizi təbrik edirəm. Tədbir təşkilatçılarına, Kvemo Kartli
Administrasiyasına minnətdarlığımı bildirirəm. Biz Marneuli meri
ilə birlikə qərar verdik ki, gənclər üçün vəsait ayrılsın, idman
geyimləri alaq. Turnirdə qalib gələnlər görüşləri davam etdirirlər,
Tbilisidə növbəti yarış keçiriləcək və istəyirik ki, onlar tam
təmin edilsinlər”, – Amiran Qiorqadze bildirdi.
Marneuli meriyasının məlumatına görə, “İdman dünyanı dəyişəndə”
kampaniyası çərçivəsində Kvemo Kartli dövlət qubernatoru, Gürcüstan
Futbol Federasiyası, Qardabani meriyasının dəstəyi, İdman İdarəetmə
Metodologiyası və Texnologiyaları Assosiasiyasının təşkilatçılığı
ilə, gənclər arasında sağlam həyat tərzinin tətbiqi, onların
həvəsləndirilməsi məqsədi ilə “Kvemo Kartli Məktəblər Liqası 2023”
keçirilib. Liqada müxtəlif bələdiyyələrdən 20 məktəb iştirak
edib.
Bələdiyyə Məclisinin 29 iyun tarixində baş tutan iclasında
ümumilikdə 4 məsələ müzakirə olunub. Deputatlar onların hamısı ilə
bağlı müsbət qərar qəbul ediblər.