10 gündür ki, Marneulidə təbii fəlakət zamanı zərərçəkmiş Yağlıca
70 ünvanıında yaşayan 11 ailəni mehmanxanadan evlərinə qaytarıb.
Sıradan çıxmış texnika, döşəmələr, divarlar, mebel – insanların
yaşayış evləri bu vəziyyətdədir. Onlar bu günə qədər təbii fəlakət
qorxusu ilə yaşayırlar. Marneuli meriyası 19 iyun tarixində güclü
yağış nəticəsində evlərə su dolduqdan sonra 35 nəfəri mehmanxanaya
yerləşdirib.
Yağlıca sakinləri 12 gün ərzində “Qafqaz” mehamnxanasında qalıb.
Meriya mehmanxana xidmətini birbaşa qaydada alıb və ümumilikdə,
büdcədən 29 400 lari xərcləyib. Bu vəsait yerli sakinlər üçün 12
gecə təhlükəsiz mühitdə qalmağa əsas idi. Ancaq onlaın yaşam
tərzini yaxşılaşdırmaq üçün indiyə qədər heç nə dəyişməyib. Yağlıca
küçəsininin sakinləri bildirirlər ki, evləri hələ də qurumayıb, nəm
içində və elementar şərait olmadan yaşamağa davam edirlər.
"Yağış yağanda sel evlərə doldu. Soyuducu, paltar yuyan
yandı. Heç kim gəlib bizə baxmır. Hökumət sadəcə seldən sonra
aparıb otelə yerləşdirdi. Başqa heç nə etmədi. Dedilər gəlib
baxacağıq, baxan olmadı. Quyu var. İçi su ilə doludur, qoxusu
yuxarı verir. Nəmişlik yaradır. Bizə ziyandır. Bir gün bura uçacaq.
Meriya ora yığılıb, gəlib baxmırlar. Demişik ekskavatorla buranı
təmizləyin, gəlib baxan yoxdur", – Ceyhun
Qarabayramov.
"Seldən sonra bizi otelə yerləşdirdilər. Söz verdilər
ki, palazınız yuyacağıq, yumadılar. Söz verildi ki, soyuducunuz
düzələcək, düzəlmədi. Evimizin seli, suyu qurumur. Vəziyyətimiz çox
ağırdır. Bina uçur. Baxan yoxdur. Sağ olsunlar, elədilər. İmkanları
nəyə çatdı, onu etdilər. Arada zəng edirlər. Bizim buranın
qeydiyyatı yoxdur deyə bizi bir yana yerləşdirə bilmirlər. Biz
burada qeydiyyatsız yaşayırıq. Çətinliyimiz odur ki, evimizin
içindəki su qurumur. Nəmli yerdə yatırıq, özüm də xəstəyəm. Hər il
belədir. Sel gəlib evə dolur", – Yaxşı Əliyeva.
"Çox pis vəziyyətdə yaşayırıq. Hər yağış yağanda
qorxuya düşürük. Neçə dəfə dedik ki, oranı qazın, qazmayıblar.
Aldatdılar ki, gəlib qazacağıq. Amma gəlib qazmadılar. Heç kim
maraqlanmır. Bizə heç kim heç nə etmir. Gəlib baxıblar, hər şey
edəcəyik – dedilər, etməyiblər. Nə qədər əşyamız xarab oldu.
Qırılıb, tullanqı oldu", – Elvin Göycəyev.
"Evimizi sel basanda gəldilər. Bizi yığıb apardılar ki,
bu gecəlik oteldə qalın. Biz sizi otel ilə təmin edəcəyik. Baxdılar
ki, ev pis vəziyyətdədir. Bizə həmin vaxt söz verdilər ki,
evləriniz təmir olacaq. Amma sonra meriyaya getdik. Dedilər ki, biz
heç nə edə bilmirik. Əlimizdən bir şey gəlmir. Bura sizin adınıza
qeydiyyat olunmayıb deyə, heç nə edə bilmirik. Əgər heç nə edə
bilmirlərsə, bu qədər adam suyun altındamı qalmalıdır. Girib
yatılası vəziyyətdə deyil. Alt evlər heç yaramır, üstdə də
yaşanılası deyil. Alt evlərin hamısı ortasına kimi sudur. Döşəmə
beton olduğuna görə, heç orada yatmaq olmur. Binada təxminən 20-25
ailə var. Bunun ətrafı da var. Ətrafını yığsan, 35-40 ailə edir.
Bura bir gün ağlayan yoxdur. Suyumuz, kanalizasiyamız, yolumuz
yoxdur. Uşağımız məktəbə getmir. Mənim uşaqlarım yarı-yarımçıq
təhsil alıblar. 4-cü 5-ci sinifdən çıxarmışam. Taksi uşaqları
məktəbə aparıb gətirməyə 200-250 lari pul istəyir. Yola baxan
yoxdur. Zibili çəkdilər burda qoydular. Gəlib götürən olmadı.
İçməli suyumuz elevatordan gəlir. Nə yaxşı ki, elevator var.
Onların hesabına 20 ildir ki, biz su içirik", – Naidə
Qaraxanova.
"Evlərin içini eşib, ora töküblər. Keçməyə yer yoxdur.
Biz xeyir iş edəcəyik. Harada edək, yer yoxdur. Çadır qurasıyıq,
yer yoxdur. Bizə baxan yoxdur, suyumuz yoxdur. Bazara getməyə maşın
yoxdur. İmkanımız yoxdur ki, taksiyə 5 lari verək gedək. 5 lari də
verək, geri gələk. Gedib gəlmək 10 laridir. Nə edək. Elə adam var
ki, heç imkanı yoxdur. Dolana bilmir. Dolanışığımız dəmir yığıb
satmaqla olur. İndi dəmir də yoxdur. Torpağı eşib yerdən tapıb, onu
satıb uşaqları onunla saxlayırıq. Daha o da yoxdur. Mal-qaranı
harada saxlayaq, yer yoxdur. Dolana bilmirik. Bizə baxan
yoxdur", – Lütfü Qarabayramova.
Marneuli merinin Marneuli şəhərində nümayəndəsi Elçin Cəfərlinin
sözlərinə görə, Yağlıca küçə sakinlərinin evlərinin təmiri indiki
mərhələdə planlaşdırılmır. Çünki yaşayış ərazisi bələdiyyənin
balansında deyil.
Marneuli meriyası Yağlıca küçəsinin sakinlərinə yardım edəcəkmi və
bunu hansı formada edəcək, yerli özünüidarə bu suallara cavab
vermək üçün rəsmi müraciət etməyimizi istəyir. Cavabları müəyyən
edənə qədər isə bir reallıq var – Yağlıca küçəsinin sakinləri üçün
hər yağan yağış onların yaşayış evlərini müvəqqəti tərk etməyin
ilkin şərtidir.