Bu gün, 3 avqust tarixində, Marneuli İctimai Kitabxanasında
Marneuli bələdiyyəsinin 2024-2027-ci illərin prioritetlər sənədinin
ilkin versiyasının ictimai müzakirəsi baş tutub.
İctimai müzakirəni Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin
rəhbəri Koba Çxitunidze aparıb. Bugünkü təqdimatda əsasən 2024-cü
ilin prioritetləri ilə əlaqədar danışıblar və qeyd ediblər ki,
növbəti illərin prioritetləri üzərində yenidən işləməyə davam
edirlər.
“Bu gün Marneuli bələdiyyəsinin 2024-27-ci ilin ilkin
prioritetlər sənədini müzakirə edəcəyik. Bu sənəd ümumidir və 1
sentyabrda dəqiqləşdiriləcək, sonra artıq 20 noyabrda son
təsdiqləmə olacaq, yekun versiya hazır olduqda müvafiq sayta
yüklənəcək. Prioritetlər sənədi yerli əhali ilə məsləhətləşmələr
nəticəsində və yerli ehityacları nəzərə almaqla
hazırlanıb”, – Koba Çxitunidze bildirib.
Koba Çxitunidze prioritetlər sənədi barədə danışan zaman bildirib
ki, bugünkü göstəricilərlə Marneuli bələdiyyəsinin 2024-cü il
büdcəsi 60 050 000 lari təşkil edir. Eləcə də əgər bu il büdcədə
qalıq qalarsa (mənimsənilməyən məbləğ) həmin məbləğ gələn ilin
büdcəsinə keçəcək.
Bu gün baş tutan prioritetlər sənədinin müzakirəsi zamanı əsasən
2024-cü ilin büdcəsi ilə əlaqədar danışıblar və qeyd ediblər ki, bu
göstəricilər yekun deyil, dəyişə bilər.
“Bizim MMC-lər və qeyri-kommersiya təşkilatları üçün
subsidiyalarımız var. Uşaq Bağçaları Birliyi üçün 4 700 000 lari
subsidiya ayrılıb. Bu 14 uşaq bağçasının təminatı üçün bölünüb.
İdman Məktəbi üçün 2 050 000 lari, “Təmiz Marneuli” üçün 3 000 000
lari, Mədəniyyət Mərkəzi üçün 1 900 000 lari, Kənd Suları üçün 2
000 000 lari, səhiyyə üçün 300 000 lari, Üzvi Tullantıların Emalı
Müəssisəsi üçün 270 000 lari, Avtopark MMC üçün 900 000 lari
subsidiya ayrılıb. Ümumilikdə bütün MMC və qeyri-kommersiya
təşkilatlarına ayrılmış subsidiya 15 000 540 lari təşkil
edir”, – Koba Çxitunidze bildirib.
Marneuli meriyası 2024-2027-ci illər üçün 5 əsas prioritet müəyyən
edib, həmin prioritetlər bunlardır:
- İnfrastrukturun inkişafı
- Təmizlik və Ekologiya
- Təhsil
- Mədəniyyət, gənclik, idman
- Səhiyyə və sosial təminat
Prioritetlər sənədinin müzakirəsi zamanı 2024-27-ci illərdə hər beş
istiqamətdə ayrılmış vəsaitlə əlaqədar danışıblar.
- 2024-cü ilin layihəsi ilə infrastrukturun inkişafına 23
540 600 lari xərclənəcək. 2025-ci ilin proqnozuna görə, bu
istiqamətlər üçün 25 820 100 lari, 2026-cı ildə 40 095 000 lari,
2027-ci ildə isə 44 564 500 lari ayrılacaq.
- 2024-cü ilin layihəsi ilə təmizlik və ekologiya üçün 3
875 000 lari xərclənəcək. 2025-ci ilin proqnozu ilə bu
istiqamətlərə 2 795 000 lari, 2026-cı ildə 2 795 000 lari, 2027-ci
ildə 2 795 000 lari ayrılacaq.
- 2024-cü ilin layihəsi ilə təhsil istiqamətində 4 772
000 lari xərclənəcək. 2025-2027-ci illərin proqnozu ilə həmin
istiqamətdə həmçinin, 4 772 000 lari sərf olunacaq.
- 2024-cü ilin layihəsi ilə mədəniyyət, gənclər və idman
istiqamətində 9 780 500 lari xərclənəcək. 2025-ci ilin proqnozu ilə
bu istiqamətdə 5 700 000 lari, 2026-cı ildə 7 800 000 lari, 2027-ci
ildə 6 300 000 lari ayrılacaq.
- 2024-cü ilin layihəsi ilə səhiyyə və sosial təminat
üçün 3 005 000 lari xərclənəcək. 2025-2027-ci ilin büdcə
proqnozlarında da eyni məbləğ nəzərdə tutulub.